Dr. Yücel Karauz: Çünki bu coğrafiya həm əlverişli geostrateji mövqeyi, həm də zəngin təbii sərvətləri ilə qlobal proseslərə təsir göstərə biləcək gücdədir
BAYRAQDAR MEDİA – “Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfər yalnız hərbi qələbə kimi deyil, həm də böyük bir siyasi və geosiyasi dönüş nöqtəsi kimi qiymətləndirilməlidir. Çünki bu qələbənin nəticələri təkcə Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün yeni bir mərhələnin başlanğıcını təşkil edib”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi atteşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, məhz həmin zəfərdən sonra Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkənin münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltdi: “Bu sənəd, əslində, bütün türk dünyasında yeni bir canlanmaya, təşkilatlanma baxımından islahatların aparılmasına və türk xalqlarının bir-birinə daha sıx bağlanmasına təkan verdi”.
Bu, türk xalqlarının strateji birliyə doğru irəlilədiyinin bariz göstəricisi idi
Sözlərinə davam edən Dr. Y.Karauz “ biz bu nəticələrin qaçılmaz olacağını hələ müharibədən dərhal sonra ifadə etmişdik. Həmin fikirlər BAYRAQDAR MEDİA da daxil, Azərbaycanın nüfuzlu sayt və qəzetlərində dərc olunmuşdu. Ötən müddətdə cərəyan edənlər bizim nə qədər haqlı olduğumuzu təsdiqlədi” deyib.
Türkiyəli general vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən sonrakı dövrdə Türk Dövlətləri Təşkilatının formalaşması prosesi də yeni məzmun kəsb etdi: “Daha da dəqiq desək, bir zamanlar Naxçıvan Sazişi əsasında fəaliyyət göstərən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (TDƏŞ) məhz bu tairix qələbədən sonra İstanbul Bəyannaməsi ilə Türk Dövlətləri Təşkilatı adlandırıldı. Bu dəyişiklik təsadüfi deyildi. Bu, türk xalqlarının strateji birliyə doğru irəlilədiyinin bariz göstəricisi idi”.
General Y.Karauz əlavə edib ki, bu təşkilatın yaranması ilə dərhal bütün regionun – Anadoludan Qafqaza və Türküstana qədər olan geniş coğrafiyanın – böyük güclərin təsirindən tamamilə azad olacağını düşünmək sadəlövhlük olardı: “Bu, zaman tələb edən prosesdir. Lakin eyni zamanda yerində saymaq da mümkün deyildi. Məhz bu səbəbdən türk dövlətləri ikitərəfli əlaqələri sürətlə inkişaf etdirməyə başladılar. Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan qardaşlığının yeni dönəmdəki strateji müttəfiqlik səviyyəsinə yüksəlməsindən güc alan yeni əməkdaşlıqlar formalaşdı. Azərbaycanın Özbəkistanla, Türkmənistanla, Qazaxıstanla qurduğu münasibətlər, eyni zamanda hərbi əməkdaşlıq sahəsində atılan addımlar bu birliyin möhkəmlənməsinə xidmət edir”.
Artıq ikitərəfli əməkdaşlıq formatı öz yerini üçtərəfli və çoxtərəfli əməkdaşlıq modellərinə verir
Müsahibimiz diqqətə çatdırıb ki, artıq ikitərəfli əməkdaşlıq formatı öz yerini üçtərəfli və çoxtərəfli əməkdaşlıq modellərinə verir: “Bu baxımdan Türkmənistanda Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən üçtərəfli görüş mühüm əhəmiyyət daşıyır. Paralel olaraq Qazaxıstan və Qırğızıstan dövlət başçılarının iştirakı ilə keçirilən görüş də regional əməkdaşlığın dərinləşdiyini göstərir. Hər iki görüşdə imzalanan sənədlər və səsləndirilən bəyanatlar Türk Dövlətləri Təşkilatının gələcək mövqelərini daha da möhkəmləndirdi. Hesab edirəm ki, bu cür addımların nəticəsində türk dünyası əməkdaşlıq sahələrini genişləndirəcək, təhlükəsizlik siyasətindən tutmuş iqtisadi və maliyyə əlaqələrinə qədər bir çox istiqamətdə tarazlıq və həmrəyliyi qoruyacaqdır. Bir sözlə, gələcək türk dünyasınındır. Çünki bu coğrafiya həm əlverişli geostrateji mövqeyi, həm də zəngin təbii sərvətləri ilə qlobal proseslərə təsir göstərə biləcək gücdədir”.
Bu fikir yalnız bir şüar deyil, gələcək yüzilliyin siyasi, iqtisadi və mədəni xəttini müəyyənləşdirəcək hədəfdir
Dr. Y.Karauz həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin son iki ildə türk dövlətlərinə 20-dən artıq səfər etməsini çox məntiqli və alqışlanası addım kimi dəyərləndirir: “Bu səfərlər yalnız dövlətlərarası münasibətlərin möhkəmlənməsinə deyil, həm də türk xalqlarının ortaq kimliyinin güclənməsinə xidmət edir. Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi “Bizim bir ailəmiz var – o da türk dünyasıdır.” Bu fikir yalnız bir şüar deyil, gələcək yüzilliyin siyasi, iqtisadi və mədəni xəttini müəyyənləşdirəcək hədəfdir”.









