Press "Enter" to skip to content

KKTC seçkilərə doğru

31 iyul etibarilə seçicilərin sayı 217 min 56 nəfərdir

BAYRAQDAR MEDİA –Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Ali Məhkəmə və Ali Seçki Qurumu (YSK) sədri Bertan Özerdağ açıqlamasında prezident seçkiləri prosesinin rəsmi olaraq bazar günü başladığını vurğulayıb. O, etibarlı, şəffaf, xalq iradəsini sandığa əks etdirəcək seçki üçün tam hazırlıqlı olduqlarını bildirib.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Məlumata görə, B.Özerdağ qeyd edib ki, seçkilərdə ümumilikdə 777 seçki qutusu qurulacaq, 2 min 820 nəfər vəzifəli şəxs çalışacaq: “O, seçici siyahılarına yazılma ilə bağlı vətəndaşlara edilən saxta zənglərə qarşı xəbərdarlıq edərək, “YSK heç bir vətəndaşı seçici siyahısına yazılmaq üçün aramır. Bu cür zənglərə inanmayın və şikayət edin” deyib. B.Özerdağ seçki sisteminin tam təhlükəsiz olduğunu, xarici müdaxilə və səhv ehtimalının mövcud olmadığını bildirərək, ictimaiyyətdə yaranan narahatlıqların əsassız olduğunu vurğulayıb”.

Məlumatda deyilir ki, o, xalqı seçkilərdə fəal iştiraka çağırıb, son prezident seçkilərində iştirak səviyyəsinin 58 faiz olduğunu xatırladaraq, bu göstəricinin yüksələcəyinə ümid etdiyini söyləyib: “Demokratiya xalqın iştirakı ilə güclənir.”

YSK sədri həmçinin seçki təqvimi barədə də məlumat verib: “Təqvimə əsasən, 9 sentyabr – siyasi partilərin namizədləri müəyyənləşdirməsinin son tarixi; 12 sentyabr – namizədlərin müraciətlərinin qəbulu və müvəqqəti elan; 21 sentyabr – namizədlərin rəsmiləşməsi; 23 sentyabr – 18 oktyabr – təbliğat kampaniyası; 14 sentyabr – seçici siyahılarının dərc olunması; 16 oktyabr – seçici kartlarının paylanmasının son günü”.
B.Özerdağ seçkilərin ikinci tura qalacağı təqdirdə, 26 oktyabr tarixində yenidən səsvermə keçiriləcəyini də bildirib.

Mission News Theme by Compete Themes.