BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı İranın Əhər şəhərində keçiriləcək “Arsbaran” adlı teatr festivalında iştirak edəcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Teatr Nikoloy Qoqolun “Dəlinin qeydləri” adlı əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə sentyabrın 5-də festivalda çıxış edəcək. 32 illik səhnə həyatını uğurla davam etdirən, müxtəlif illərdə nüfuzlu beynəlxalq festivallarda mükafatlar qazanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir”.
Ardınca xəbərdə, “tamaşada Poprışşin rolunda Əməkdar artist Şövqi Hüseynov çıxış edir. Poprışşin sosial ədalətsizliyi aradan götürmək üçün vəzifədə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. Bir dəlinin sayıqlamalarında, o, İspaniyanın kralı, dünyanı idarə edən, nurlu şəxsiyyətə çevrilir. Poprışşin dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Lakin bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir” deyə bildirilir.





