Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında 500–700 bal arası nəticə göstərən Muxtar Respublikadan olan 379 məzun qeydə alınıb ki, bu da son 30 ilin ən yüksək göstəricisidir
BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində 2024–2025-ci tədris ili son 30 ilin ən uğurlu nəticələri ilə yadda qalıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan MR Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, “Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması muxtar respublikada bütün sahələrin inkişafı üçün stimuldur. Dövlət Proqramında digər sahələr kimi, təhsilin inkişafı ilə də bağlı prioritetlər müəyyənləşdirilmişdir. Proqramın icrası Naxçıvan təhsilində yeni bir mərhələnin başlanğıcını qoymaqla, təhsilin inkişafına öz töhfəsini verməkdədir”.
Məlumatda daha sonra deyilir: “Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında 500–700 bal arası nəticə göstərən Muxtar Respublikadan olan 379 məzun qeydə alınıb ki, bu da son 30 ilin ən yüksək göstəricisidir. 2024–2025-ci tədris ilində ümumtəhsil məktəblərinin 473 məzunu, IX siniflər üzrə 196-sı, XI sinifləri üzrə isə 277-si fərqlənmə attestatına, 4 məzun isə qızıl və gümüş nişana layiq görülüb”.
O da qeyd edilib ki, Təhsil nazirinin müvafiq əmrinə əsasən Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin məzunu Oruc Heydərov, Şahbuz Rayon Badamlı qəsəbə tam orta məktəbinin məzunu Səma İsmayılova, Naxçıvan Qarnizonu tam orta məktəbinin məzunları Fidan Ağazadə və Fidan Bədəlova qızıl nişana layiq görülən şagirdlər sırasında yer alıblar.
Məlumatda həmçinin, “cari tədris ilində Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərini 3956 məzun bitirmişdir ki, bunlardan 2080-i oğlan, 1876-sı isə qızlardır. Məzunların 3565-i yəni 94 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib, 1857 nəfər ilk seçim turunda tələbə adını qazanıb ki, bu da ötən tədris ilinin müvafiq dövrü ilə müqayisədə 104 nəfər çoxdur” deyilir.





