Press "Enter" to skip to content

Millətin ruhunu qorumaq

Senan KAZIMOĞLU

Son yeniləmə: 29 Dekabr 2025

Sənan KAZIMOĞLU

BAYRAQDAR MEDİA – Bəzən insanlarla söhbət edərkən və ya sosial şəbəkələrdə olarkən qarşılaşdığımız heç də xoş olmayan məsələlər olur. Bunların içərisində mənə ən çox toxunan məsələlərdən biri özümüzü – milli kimliyimizi və millətimizi kiçik görməkdir. Yəni hər hansı bir məsələdə xaricdəki bir uğuru və ya millətimizlə bağlı mənfi bir şey gördükdə, dərhal başlayırlar millətimizi – milli kimliyimizi aşağılamağa. Bu, ağır bir xəstəlikdir. Bizim millət tarixdə iz qoymuş, mərdliyin və şərəfin nə demək olduğunu dünyaya öyrətmiş bir millətdir. Ancaq bəziləri bunu anlamadıqları kimi, bizi kölə zehniyyəti ilə eyniləşdirməyə çalışırlar. Xeyr, biz əsla kölə olmadıq, olmayacağıq da.

Hazırda Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, cənnətməkan Əbülfəz Elçibəyin “Bütöv Azərbaycan Yolunda” kitabını oxuyuram. Görünür, bu məsələ onları da narahat edib ki, Elçibəy kitabında bu mövzuya toxunur və bir neçə maddədə izah edir. Elçibəyin cavablarından xüsusilə birincisini elə öz sözləri ilə sizinlə bölüşmək istəyirəm: “O zamanlar (60-70-ci illər) tez-tez belə bir sorğu ilə üz-üzə gəlirdik: Əgər Azərbaycan xalqı qəhrəman xalqdırsa, onun şanlı, böyük bir keçmişi varsa, niyə indi kölədir, müstəmləkə xalqdır, əzab-işgəncələr içərisində yaşayır, susur, nəsə edə bilmir? Bu sorğu bu gün də gündəlikdədir. Mənim bu sorğunu eşitdiyimə otuz ildən artıqdır, dost da soruşur, düşmən də. Azərbaycan xalqı müstəmləkəçilikdən, köləlikdən qurtulmaq üçün daim mübarizə aparmışdır və indi də aparır. Təkcə 1905-ci ildən 1945-ci ilədək olan 40 ili götürsək, dörd böyük inqilab etmişdir. Səttarxan hərəkatı, Müsavat hərəkatı, Xiyabani hərəkatı, Pişəvəri hərəkatı adları ilə tanınan bu xalq-azadlıq inqilabları dünyanın böyük gücləri tərəfindən yatırılsa da Azərbaycan xalqı öz azadlığı uğrunda yüz minlərlə, bəli, bir neçə yüz min qurban versə də mübarizə əzmi qırılmamış, əksinə, hər dəfə güclənmişdir. Azadlığı uğrunda bu qədər qurban verməyi bacaran xalq hələ də susmamışsa, demək, o, mənən və ruhən kölə deyil”.

Elçibəyin bu cavabına əlavə olaraq, bugünkü müstəqil Azərbaycanı, 30 ildən sonra öz dişi və dırnağı ilə dünyaya meydan oxuyaraq Qarabağı yenidən azad edən suveren Azərbaycanı misal göstərə bilərik.

Yazının davamında yenə işğal məsələsinə toxunan Elçibəy qeyd edir ki, bu cür işğallar tarixdə bir çox millətin başına gəlib və gələ bilər. Xüsusilə Rusiyanın o vaxtlar Napoleonun rəhbərliyi altındakı Fransanı darmadağın etdiyini, buna baxmayaraq Azərbaycanın yalnız 100 illik mübarizədən sonra beşdə bir hissəsini ala bildiyini vurğulayır. Elçibəy, Rusiyanın Azərbaycanın bir hissəsini işğal etsə də millətin bu işğallarla barışmadığını, Qaçaq hərəkatı ilə milli azadlıq mübarizəsinin davam etdiyini qeyd edir. Həmçinin yuxarıda da vurğulandığı kimi, Azərbaycanın həm Quzeyində, həm də Güneyində olan milli azadlıq hərəkatlarının yatırılması üçün yalnız rusların gücünün çatmadığını, buna ABŞ və Böyük Britaniyanın da qoşulduğunu, ancaq bu yolla Səttarxan, Xiyabani və Pişəvəri hərəkatlarının məğlub edildiyini bildirir.

Yazıya Elçibəyin sözləri ilə başladıq, yenə bu mövzudakı fikirləri ilə yekunlaşdıraq: “Rus imperiyası 184 ildir ki, yurdumuzu, elimizi bölük-bölük edib, fars şovinizmi ilə əl-ələ verərək bizi birləşməyə qoymur. Buna qarşılıq bir çox yurddaşımız deyir ki, biz bədbəxt xalqıq, geri qalmışıq, qorxağıq, el uğrunda, yurd uğrunda ölməyi bacarmırıq, “hər dövlət öz xalqına uyğun olur”, axı niyə bizim elimiz, yurdumuz bölük-bölükdür, hamısına özümüz təqsirkarıq, xalqımız təqsirkardır. Bu adamlara demək lazımdır ki, yaxşı, siz deyən olsun. Onda cavab verin: rus imperiyası kimləri, hansı ölkələri bölməyib? Almaniyanı, Koreyanı, Vyetnamı, Yəməni, Finlandiyanı, Polşanı, Rumıniyanı (Moldova) – yeli yetəni, gücü çatanı bölüb parçalayıb. Avropanın ən cəngavər xalqlarından olan almanlar qırx ildən çox bölünmüş vətənlərinə baxa-baxa qaldılar. Rumınlar hələ qorxa-qorxa Moldova adını vətən deyə çəkirlər”.

Son olaraq, biz də əlavə edərək deyirik ki, kölə olan bir millətin o qədər zülmə, işğala və çətinliklərə baxmayaraq 7 müstəqil dövləti olması mümkün deyil.

Mission News Theme by Compete Themes.