Press "Enter" to skip to content

TİF ilə Dünyagöz Xəstəxanası arasında əməkdaşlıq

TİF ilə Dünyagöz Xəstəxanası arasında əməkdaşlıq

BAYRAQDAR MEDİA – Təhsilin İnkişafı Fondunun (TİF) təşəbbüsü ilə həyata keçirilən TələbəPlus kartı partnyor şəbəkəsini genişləndirməyə davam edir. Bu çərçivədə tələbələrə xüsusi endirimlər təqdim edən növbəti tərəfdaş Dünyagöz Xəstəxanası olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya TİF-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “bununla bağlı TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov və sözügedən Xəstəxananın icraçı direktoru Mahmut Hazıroğlu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, TələbəPlus kartı istifadəçiləri lazer müayinəsi və analizlərdə 50 faiz, lazer əməliyyatlarında isə 20 faiz endirim əldə edəcəklər. Bundan əlavə, tələbələrin birinci dərəcəli qohumları üçün də güzəştlər nəzərdə tutulub. Belə ki, müayinə və analizlərdə 30 faiz, əməliyyatlarda isə 20 faiz endirim tətbiq olunacaq. İmzalanma mərasimində çıxış edən E.Nəsibov bildirib ki, TələbəPlus kartının məqsədi tələbələrin gündəlik ehtiyaclarına dəstək olmaq, onların daha sərfəli və əlçatan xidmətlərdən yararlanmasına şərait yaratmaqdır. O, Dünyagöz Xəstəxanası ilə əməkdaşlığın tələbələrin sağlamlıq imkanlarını genişləndirdiyini xüsusi vurğulayıb”.

Daha sonra xəbərdə, “M.Hazıroğlu isə qeyd edib ki, tələbələrin sağlamlığına dəstək vermək və onların tibbi xidmətlərdən daha əlverişli şərtlərlə yararlanmasına imkan yaratmaq xəstəxana üçün önəmli sosial məsuliyyət addımıdır.

Sonda Fondun nümayəndələri üçün xəstəxananın fəaliyyəti ilə bağlı infotur təşkil olunub” deyə bildirilir.

Qeyd edək ki, eyni anda bir neçə funksiyanı yerinə yetirən TələbəPlus kartı artıq 24 ali təhsil müəssisəsində təhsil alan 190 mindən çox tələbəyə təqdim edilib. Kart universitetə giriş-çıxış, təqaüd və debet bank kartı kimi istifadə ilə yanaşı, tələbələrə endirim və keşbek imkanları da təklif edir. Layihəyə 400-dən çox yerli və xarici partnyor qoşulub. TələbəPlus kartı sahiblərinə tədris müəssisələri, restoran, kafe, geyim, kitab, dəftərxana ləvazimatları mağazaları, tibb müəssisələri, əyləncə və s. məkanlarda müəyyən güzəştlər təqdim edilir.

Mission News Theme by Compete Themes.