BAYRAQDAR MEDİA – Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və ictimai-iaşə obyektlərindən havaya atılan tullantıların mövcud ekoloji normativlərə uyğunluğunu müəyyən etmək məqsədilə növbəti monitorinqlərə başlanılır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən 13 sentyabr tarixindən etibarən ictimai-iaşə obyektləri və şadlıq saraylarının ətrafında ölçmə işləri aparılacaq. Monitorinqlər zamanı havaya normadan artıq tullantı atan obyektlər müəyyən ediləcək və onlar barəsində qanunamüvafiq tədbirlər görüləcək: “Obyekt sahiblərini əvvəlcədən xəbərdar edirik ki, obyektlərindəki təmizləyici qurğuların texniki çatışmazlıqlarını aradan qaldırsınlar və qurğuların filtrlərini vaxtında yeniləsinlər””.





