İctimai Birlik sədri Xaçmazın Dədəli kəndi nümunəsinin ölkə üzrə tətbiqinə səslədi
BAYRAQDAR MEDİA – Azərbaycan Milli QHT Forumu tərəfindən “İsrafçılıq: milli-mənəvi dəyərlərin aşınması” mövzusunda ictimai müzakirə keçirilib. AMQF İdarə Heyətinin üzvü Zaur İbrahimlinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Din və İctimai fikir” şöbəsinin müdiri Elnur Mustafayevin moderatolruğu ilə keçirilən tədbirdəziyalılar və ictimai xadimlər iştirka edib.
Çıxışçılar israfçılığın yalnız iqtisadi deyil, həm də mənəvi dəyərlərə ciddi zərbə vurduğunu bildiriblər.
Ümumiyyətlə, müzakirələr zamanı maarifləndirmə və təşviqat işlərinin gücləndirilməsi, Qanunvericilikdə islahatların aparılması, İnzibati tədbirlər və monitorinq mexanizmlərinin yaradılması və İctimai qınağın artırılması mövzusunda fikirlər səsləndirilib.
Çıxışçılar onu da qeyd ediblər ki, israfçılıq təkcə ailə və məişət səviyyəsində deyil, ümumən cəmiyyətin inkişafına da mənfi təsir göstərir. Onların fikrincə, bu problemə qarşı mübarizə ictimai səfərbərlik tələb edir və hər kəs məsuliyyət hissi ilə çıxış etməlidir.
Məlumat üşün bildirək ki, tədbirdə CASCFEN sədri, Əməkdar Jurnalist Nadir Azəri də çıxış edərək bir sıra təkliflər səsləndirib. O bildirib ki, Xaçmaz rayonunun Dədəli kəndində tətbiq olunan maraqlı bir qayda var: yası düşən ailəyə qonşular dəstək olur və yemək ehsanı vermək əvəzinə, kənddə hər hansı bir yola daş və ya asfalt tökülür. Nadir Azərinin sözlərinə görə, bu təcrübə ölkə üzrə tətbiq olunsa, həm israfçılığa son qoyular, həm də ehsan ənənəsi daha səmərəli şəkildə davam etdirilər.
Bundan başqa, o, toylarda şadlıq saraylarının israfçılığa yol açan addımlarına qarşı alternativ təklif irəli sürüb. Belə ki, bir vaxtlar çoxmənzilli binalarda mövcud olan “xeyir-şər evləri”nin yenidən bərpası təklif olunub. Nadir Azəri hesab edir ki, bu məntəqələrin fəaliyyətə başlaması həm ailələr üçün daha sərfəli olacaq, həm də cəmiyyətdə israfçılığın qarşısının alınmasına mühüm töhfə verəcək.









