Press "Enter" to skip to content

2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı keçiriləcək

Sentyabrın 12-də isə 6-cı Xəzər Su İnnovasiya Forumu təşkil olunacaq

BAYRAQDAR MEDİA – “Baku Water Week 2025”in 2-ci günündə 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransı olacaq.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, “konfransda 10-a yaxın ölkədən 40 məruzəçi çıxış edəcək. Həmçinin, “Su idarəetməsində liderlik: Regional və qlobal perspektivlər” mövzusunda plenar sessiya, “Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma”, “Alternativ su mənbələrinin idarəedilməsində innovativ yanaşmalar”, “Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq”, “Su ehtiyatlarının davamlılığı: elm və innovasiyanın rolu” adlı panel müzakirələri keçiriləcəkdir. Həmçinin dövlət və özəl sektoru təmsil edən qurum və şirkətlər arasında anlaşma memorandumları da imzalanacaq”.

Məlumata görə, sentyabrın 12-də isə 6-cı Xəzər Su İnnovasiya Forumu təşkil olunacaq: “Foruma Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi kimi dövlət qurumları ilə yanaşı, 10-dan çox ölkəni təmsil edən beynəlxalq şirkətlər və ölkənin aparıcı elm və təhsil müəssisələrinin nümayəndələri qatılacaq”.

Məlumatda deyilir ki, “Baku Water Week”in təşkil olunduğu üç gün ərzində Bakı Ekspo Mərkəzinin foyesində “Zabuxçay su anbarı” – Azad Qarabağın ilk su anbarı, eləcə də “Şiber” su çarxının maketləri nümayiş olunacaq. Bununla yanaşı 1 nömrəli pavilyonda “Ümid var” İnklüziv Yaradıcılıq Birliyinin üzvlərinin “Baku Water Week 2025” fərqlilərin fırçasında adlı rəsm əsərləri sərgilənəcək.

Mission News Theme by Compete Themes.