Alim Bayel: Azərbaycana Orta Asiyadan gələn bütün turistlərin təqribən 50 faizi Qazaxıstanın payına düşür
BAYRAQDAR MEDİA – 7–9 sentyabr 2025-ci il tarixlərində Azərbaycanın Quba şəhərində İkinci Qazaxıstan–Azərbaycan Turizm Forumu keçirilib. Üçgünlük tədbirdə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, Quba şəhərindən seçilən Milli Məclisin deputatı Əlibala Məmmərrəmzadə, Azərbaycanın Dövlət Turizm Agentliyinin nümayəndələri, ictimai xadimlər və hər iki ölkədən gələn 56 turizm şirkətinin nümayəndələri iştirak ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.

Məlumata görə, səfir Alim Bayel salamlama nitqində iki qardaş ölkə arasında turizm axınının artmasını məmnunluqla qeyd edib: “Diplomat, Azərbaycana Orta Asiyadan gələn bütün turistlərin təqribən 50 faizi Qazaxıstanın payına düşdüyünü vurğulayıb. Qazaxıstan Azərbaycana gələn turistlərin sayına görə Rusiya, Türkiyə, Hindistan, İran və Gürcüstandan sonra 6-cı yeri tutur. Azərbaycan qazaxıstanlılar üçün Bakının gözəlliyi, mənzərəli təbiəti, mədəniyyət və dil yaxınlığı, həmçinin müntəzəm birbaşa aviareyslərin mövcudluğuna görə maraqlıdır. A. Bayel həmçinin Qazaxıstanda, Alaköl gölünün sahilində Qazaxıstan–Azərbaycan sərmayələrinin cəlb olunması ilə sanatoriya–kurort kompleksinin planlaşdırılan tikintisinin xüsusi əhəmiyyətini vurğulayıb. Müasir kompleksin inşası turizm sahəsində iki ölkənin əməkdaşlığında əlamətdar bir hadisə olacaq”.
Məlumata görə, deputat Ə. Məmmərrəmzadə yalnız Qazaxıstandan Azərbaycana deyil, eyni zamanda əks istiqamətdə turist axınının artırılmasının vacibliyini vurğulayıb: “Parlament üzvü əmindir ki, turizm sahəsi iki xalqın yaxınlaşmasında, bir-birinin mədəniyyətini və ənənələrini öyrənməsində mühüm rol oynayır. Azərbaycanın Dövlət Turizm Agentliyinin, Qazaxıstanın və Azərbaycanın turizm şirkətlərinin, həmçinin “Air Astana” aviaşirkətinin nümayəndələri öz xidmətləri və turizm paketləri, hər iki ölkənin təbiət gözəllikləri və görməli yerləri haqqında məlumat veriblər”.
Bildirilib ki, “tədbir çərçivəsində B2B görüşlər, həmçinin qazaxıstanlı qonaqlara Quba regionunun turizm potensialı nümayiş etdirildiyi tanışlıq səfərləri təşkil olunub”.
Qeyd etmək lazımdır ki, Birinci Turizm Forumu 2024-cü ildə Qazaxıstanın Azərbaycandakı Səfirliyində keçirilib və hər iki ölkənin turizm sektorunun nümayəndələri arasında böyük marağa səbəb olub. İki ölkə arasında turizm axınları bir il ərzində xeyli artıb. Belə ki, Azərbaycanın Dövlət Turizm Agentliyinin statistikasına görə, 2025-ci ilin yanvar–iyul aylarında Azərbaycana təqribən 59 min qazaxıstanlı turist səfər edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 58 faiz çoxdur. Eyni dövr ərzində Qazaxıstana səfər edən azərbaycanlıların sayı 48 faiz artıb.









