Press "Enter" to skip to content

Xalq yazıçısının yubileyi münasibətilə ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir

Xalq yazıçısının yubileyi münasibətilə ssenari müəllifi olduğu filmlər nümayiş etdirilir

BAYRAQDAR MEDİA – Bu il Xalq yazıçısı, görkəmli kinodramaturq Maqsud İbrahimbəyovun (1935-2016) anadan olmasının 90 illik yubileyidir. Prezident İlham Əliyev 13 fevral 2025-ci il tarixində ədibin 90 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Sərəncamın icrası ilə bağlı Azərbaycanda silsilə tədbir və layihələr gerçəkləşdirilir. Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Dövlət Film Fondu və Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə yazıçının ssenari müəllifi olduğu filmlərə retrospektiv baxış da silsilə tədbirlərin bir hissəsidir. Sentyabrın 10-da Nizami Kino Mərkəzində layihənin açılışı olub. Tədbiri giriş sözü ilə Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq M.İbrahimbəyovun kino yaradıcılığı haqqında ətraflı məlumat verib”.

Sonra xəbərdə, “Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar jurnalist Nadejda İsmayılova, Əməkdar incəsənət xadimi Ayaz Salayev, “Balans” studiyasının direktoru Vahid Mustafayev çıxış edərək ədibin Azərbaycan ədəbiyyat və mədəniyyətinin inkişafına verdiyi töhfələrdən danışıblar. Yaradıcılıq Mərkəzinin rəhbəri, yazıçının həyat yoldaşı Anna İbrahimbəyova layihənin təşkilinə dəstək verən qurumlara və tədbir iştirakçılarına təşəkkürünü bildirib. Sonda kinosevərlər “Balans” studiyasının bərpa etdiyi, ssenari müəllifi M.İbrahimbəyov olan “Bizim Cəbiş müəllim” bədii filmini (rejissor Həsən Seyidbəyli, 1969) izləyiblər” deyə bildirilir.

Qeyd edək ki, sentyabrın 13-dək davam edək retrospektiv baxış çərçivəsində “Uşaqlığın son gecəsi” (“Azərbaycanfilm”,1968) “Truskavetsə kim gedəcək?” (“Tacikfilm”,1977, rus dilində) və “Dəniz” (“Azərbaycanfilm”, sənədli film, 1965) filmləri nümayiş etdiriləcək.

Mission News Theme by Compete Themes.