BAYRAQDAR MEDİA – Diyarbakırın Ergani rayonunda yerləşən və dünya sivilizasiya tarixinə işıq tutan 12 min illik Çayönü təpəsində təxminən 9 min 500 il əvvələ aid “İctimai Tikili” üzə çıxarılıb. Araşdırma Çanakkale Onsekiz Mart Universiteti Tətbiqi Elmlər Fakültəsi Muzeyşünaslıq və Mədəni İrs İdarəçiliyi kafedrasının müəllimi dosent doktor Savaş Sarıaltunun rəhbərliyi ilə aparılıb.
Bu barədə canakkalekalem.com saytı məlumat yayıb.
Məlumata görə, arxeoloji qrupun rəhbəri Dos. Dr. Savaş Sarıaltun bildirib ki, bu tikili Çayönünün digər ev və sığınacaqlarından fərqli olaraq ictimai məqsədlə inşa edilib: “Biz hesab edirik ki, tikili təxminən 9 min 500 il əvvəl inşa edilib və 150–200 il ərzində istifadə olunub. Döşəmənin azı 4 dəfə yenidən boyanması, onun müxtəlif dövrlərdə yenidən funksionallaşdırıldığını göstərir. Bu tikili ev və ya sadə sığınacaqdan daha çox görüşlərin, ortaq tədbirlərin və ya xüsusi ayinlərin keçirildiyi ictimai bir məkan olaraq diqqət çəkir. Çayönündə indiyədək boyalı döşəmə aşkarlanmamışdı. Bu baxımdan Qırmızı Tabanlı Tikili mozaikli döşəməsi ilə tanınan Terrazo Tikilisi kimi Çayönünün ən mühüm simvol tikililərindən biri hesab olunur.”
ÇOMÜ alimlərinin rəhbərliyi ilə həyata keçirilən bu kəşfin Çayönü təpəsinin tarixi əhəmiyyətini bir daha ortaya qoyduğunu vurğulayan Sarıaltun deyib: “Bu tikili, Çayönünün kritik mərhələlərindən biri olan eramızdan əvvəl 7600–7500-cü illərdəki həyat modelini anlamağımız baxımından olduqca dəyərlidir. İnsanların necə bir ictimai quruluş yaratdıqlarını, hansı ayinləri həyata keçirdiklərini və ictimai məkanı necə tanımladıqlarını üzə çıxarır.”




