BAYRAQDAR MEDİA – Qırğızıstan Energetika Nazirliyi ölkədə kiçik modullu reaktor (SMR) texnologiyasına əsaslanan nüvə elektrik stansiyasının tikintisinə dair təklifini parlamentə təqdim etməyə hazırlaşır.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, energetika nazirinin müavini Emilbek Ysmanov parlamentin yanacaq, enerji və yeraltı sərvətlərdən istifadə üzrə komitəsində çıxış edərək təklifin komitədə müzakirə ediləcəyini bildirib. Açıqlama millət vəkili Marat Murataliyevin sualı üzərinə verilib.
Məlumatda qeyd edilib ki, Qırğızıstanın gündəmindəki nüvə stansiyası təklifi bölgədə artan nüvə enerji layihələri ilə paralellik təşkil edir: “Qazaxıstan biri Rusiya, ikisi isə Çin tərəfindən inşa ediləcək üç nüvə stansiyası ilə bağlı işlər aparır, Özbəkistan isə bir neçə kiçik modullu reaktordan ibarət stansiya tikintisinə başlayıb. Bundan əlavə, böyük miqyaslı bir nüvə stansiyası variantı da nəzərdən keçirilir. Ölkədə hər il ciddi elektrik kəsintiləri baş verir. Enerji istehsalında əsasən hidroenergetikaya bağlı olan Qırğızıstan hidro infrastrukturunu gücləndirməyə dair layihələr həyata keçirir, eyni zamanda enerji çatışmazlığını aradan qaldırmaq üçün alternativ həll yolları axtarır”.





