BAYRAQDAR MEDİA– Eskişehir Böyükşəhər Bələdiyyəsi qadınların məşğulluğunu artırmaq və gender bərabərliyini gücləndirmək məqsədilə diqqətçəkən bir layihəni həyata keçirib. Şəhər içi nəqliyyatda tramvay və avtobuslarda qadın sürücülərin işləməsindən sonra indi də Porsuk çayında xidmət göstərən qayıqların sükanına qadın kapitanlar keçib.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.
Məlumata görə, parkomat işçiliyindən kapitanlığa qədər uzanan yol hekayələri ilə diqqət çəkən Sabriyə Erbil və Ebru Metin bu dəyişimin ilhamverici nümunələrindən olublar: “48 yaşlı Sabriyə Erbil təklif aldıqdan sonra qayıq kapitanlığına yönəldiyini, İstanbul Liman İdarəsindən müvafiq təlim alaraq vəsiqə qazandığını bildirib. Ebru Metin isə kapitan olacağını söylədiyi vaxt övladlarının yaşadığı təəccüb və həyəcanı dilə gətirərək “Qadınların hər sahədə uğurlu ola biləcəyinə inanıram” sözləri ilə bütün qadınlara cəsarət verib”.
Məlumata əsasən, qadın kapitanların Porsuk çayında xidmət göstərməsi Eskişehirin qadın məşğulluğu və bərabərlik sahəsindəki öncül rolunu bir daha ortaya qoyub: “Şəhəri ziyarət edən yerli və xarici turistlər qadın kapitanların idarə etdiyi qayıqlarla Porsukun bənzərsiz mənzərəsini seyr edərkən bu yenilikçi addım böyük rəğbət toplayıb”.





