BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov Beyləqan rayonunda vətəndaşları qəbul edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “qəbulda Beyləqan ilə yanaşı, İmişli rayon sakinləri də iştirak ediblər. Ümumilikdə 20-yə yaxın vətəndaşın qatıldığı qəbulda müraciətlər əsasən mənzil (fərdi ev), avtomobil təminatı, sanatoriya-kurort yollayışları ilə təminat və Agentliyin fəaliyyətinə dair digər məsələlərlə bağlı olub. İmtiyazlı şəxs kateqoriyasından olan qəbul iştirakçılarının müraciətləri ilə bağlı suallar cavablandırılıb, xüsusi araşdırma tələb edən müraciətlərin həll edilməsi ilə bağlı müvafiq göstərişlər verilib”.
Bildirək ki, mütəmadi olaraq respublikanın müxtəlif şəhər və rayonlarında keçirilən qəbullarda iştirak etmək istəyən vətəndaşlar SXA-nın (012) 525 41 30 (daxili 5611) telefon nömrəsinə zəng edərək, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, regional filiala yaxınlaşaraq, həmçinin Agentliyin sosial şəbəkə hesablarına yazaraq müraciət edə bilərlər.





