Press "Enter" to skip to content

1918-dən 2020-yə: Qurtuluş savaşının davamlılığı

Əkbər Qoşalı

BAYRAQDAR MEDİA – Azərbaycan tarixində elə hadisələr var, onlar keçmişi yada salmaqla birgə, həm də bu günümüzün və gələcəyimizin mahiyyətini anlamaq üçündür. 1918-ci ilin 15 sentyabrı – Bakı şəhərinin daşnak-maşnak, bolşevik-menşevik və digər anti-Azərbaycan qüvvələrinin əlindən-ayağından azad edilməsi – bu cür hadisələrdəndir.

Qafqaz Türk-İslam Ordusu, Azərbaycan milli qüvvələri ilə çiyin-çiyinə, bir amal uğrunda savaşa girdi. Qarşı tərəfdə müxtəlif adlarla gizlənən yadelli qüvvələr vardı, onların hər birinin ayrıca məqsədi olsa da, hamısını birləşdirən ortaq bədniyyət də vardı – Azərbaycanı boğmaq, Bakını əldən almaq, milli iradəni sındırmaq. – Lakin Nuru Paşanın başçılıq etdiyi, yerli milli qüvvələrin, o cümlədən bu sətirlərin yazarının ana babası Həmid Qasımoğlunun da bir müddət sıralarında olduğu şanlı ordu həmin niyyəti puça çıxardı. Zəfər sonucunda Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü, dövlət orqanları öz paytaxtında çalışmağa başladı.

Ancaq Zəfərdən heç iki il keçməmiş yenidən işğalın baş verdiyini də vurğulamalıyıq.

Bəli, təəssüf ki, 28 aprel 1920-ci ildə Azərbaycan bir daha işğala məruz qaldı. Bu dəfə başqa libasda görünsə də, sovetləşmə – bizə münasibətdə faktiki olaraq bolşevik işğalından ötə rus-erməni ittifaqı kimi də xarakterizə oluna bilər. Yadellilər öz içimizdəki dardüşüncəlilər, uzaqgörməzlər və səbatsızlarla birgə öz mənfur məqsədinə nail oldu – Cümhuriyyət süquta uğradı. Bu işğal həm libas dəyişmiş daşnakların, həm də libas üstə libas geymiş bolşeviklərin çıxarlarına xidmət etdi. Başqa sözlə, bir vaxt Bakıda məğlub edilən qüvvələr bu dəfə yeni maska ilə qayıdıb, Cümhuriyyətin bütün ərazisini işğal etdi, ardınca torpaqların bir qismini “qonşu”lara pay-püş etdi.

Vaxt dolandı, vədə gəldi; 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan öz müstəqilliyini bərpa etdi. Lakin bu dəfə də torpaqlarımız “müstəqil və demokratik” Ermənistan tərəfindən işğal olundu. Sovetlərdən miras qalmış siyasət, “demokratik” Rusiyanın hərbi-siyasi dəstəyi ilə həyata keçirilən bu işğal – bolşeviklərin və daşnakların davamçı planından başqa bir şey deyildi. Azərbaycanın dövlət başçısı dəfələrlə və çox haqlı olaraq vurğulayıb ki, sovet dönəmində tarixi torpaqlarımızın bir hissəsi süni şəkildə Ermənistana “hədiyyə” edilib.

Lakin tarix ədalətsizlik ilmüdam davam edə bilməzdi və haqqın incəlsə də üzülmədiyini görməliydik, gördük də! 2020-ci ilin Vətən müharibəsi sonucunda Azərbaycan torpaqlarının böyük hissəsini azad etdi. Bu dəfə Azərbaycan tək deyildi – qardaş Türkiyənin siyasi dəstəyi, diplomatik mövqeyi, informasiya müharibəsində açıq həmrəyliyi və mənəvi dayağı bizimlə idi. Qələbəmiz dostlarımızı çox sevindirdi, düşmənlərimizi çox rahatsız etdi.

Beləcə, 1918-ci ildə Bakının azadlığı ilə başlayan yol, 1920-ci il işğalı ilə kəsildi, 1991-də müstəqilliklə bərpa olundu, 2020-də isə Zəfərlə tamamlandı. O Zəfər 2023-cü ilin 20 sentyabrında yığcam, uğurlu antiterror əməliyyatı ilə taclandırıldı. Bax, bu tarixsəl zəncirdə bir gerçək var: Azərbaycan heç vaxt işğala boyun əymədi, heç vaxt azadlıq idealından əl çəkmədi. 107 il öncə Bakıda qazanılan tarixi uğur, dövlət hakimiyyətinin paytaxta dönüşünü təmin etmişdisə, 2020-ci ildə qazanılan Zəfər də müstəqilliyimizin tamlığını möhkəmləndirdi.

Azərbaycanın və Türkiyənin qardaşlığı, birliyimiz və ortaq iradəmiz – gələcəyimizin böyük zəmanətidir. – “Şuşa Bəyannaməsi” haqqı!

Dövlətimiz zaval görməsin!

Mission News Theme by Compete Themes.