BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev sentyabrın 15-də Şuşada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlunu qəbul edib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Xəbərdə deyilir ki, “qəbula görə minnətdarlığını bildirən Selçuk Bayraktaroğlu Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın salamlarını dövlət başçısına çatdırdı. İlham Əliyev salamlara görə minnətdarlığını bildirərək, onun da salamlarını çatdırmağı xahiş etdi. Görüşdə iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ölkələrin olmadığını deyən dövlət başçısı qeyd etdi ki, bu birlik dünya miqyasında önəmli amildir. İlham Əliyev bölgədə artıq sülh dövrünün başladığını vurğuladı”.
Bildirilib ki, “söhbət zamanı Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin 2021-ci ildə məhz Şuşa şəhərində imzalanmasının önəminə toxunuldu. Bu görüşün 15 sentyabr – Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad olunmasının 107-ci ildönümünə təsadüf etməsi məmnunluqla vurğulandı. Azərbaycan və Türkiyənin hərbi qurumları arasında qardaşlığa, strateji müttəfiqliyə əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı”.





