Press "Enter" to skip to content

Sənət və türk qadınının gücü – MÜSAHİBƏ

Şaziment Duran və Təranə Turan Rəhimli

BAYRAQDAR MEDİA şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Dos. Təranə Turan Rəhimlinin tanınmış türk yazıçı, ssenarist, rəssam, aktrisa Şaziment Duranla müsahibəsini təqdim edir.

“Özüm Karacaoğlanla bəsləyir, Motsartla süsləyirəm”

-Şaziment Duran imzası ədəbiyyat və incəsənətin müxtəlif istiqamətlərini özündə birləşdirir. Yazıçı, ssenarist, teatr aktrisası, teatr dərsləri verən müəllim, rəssam… yəqin ki davamı da var. Bu sahələrdən hansında özünüzü daha rahat hiss edirsiniz?

-Əslində, sənətin hər sahəsində özümü çox xoşbəxt və rahat hiss edirəm. Teatrdakı alqışlar zəhmətimin mükafatıdır, mən çıxış edəndə səhnənin işıqlandırılması və tamaşaçıların enerjisi məni ovsunlayır. Teatr sənətini öyrətməkdə də özünəməxsus bir sevinc tapıram; teatrla heç bir əlaqəsi olmayan insanları o rəngli dünyaya hazırlamaqdan zövq alıram. Yazmaq yaşananların qələmə alındığı, duyğularımın zirvəyə çatdığı andır. Rəsm isə rəngli həyatımın, həyatların kətan üzərində fırça və boya ilə rəqsidir. Bu əsrarəngiz rəqs sanki məni buzun üstündə çılğınca bir azadlığın içinə doğru çəkir.

Rəsm əsərlərim ruhumu əks etdirir

-60-dan çox fərdi rəsm sərginiz nümayiş etdirilib. Eyni zamanda 150-dən çox rəsm sərgisində əsərləriniz sərgilənib. Rəssam kimi uğurlarınızı daha çox təmin edən sənət keyfiyyəti hansıdır?

-Deyə bilərəm ki, rəsm əsərlərim orijinaldır və bütünlükdə ruhumu əks etdirir. Heç bir rəssamı təqlid etmədiyim üçün istər xaricdə, istərsə də ölkəmizdə bir çox muzeylərdə, o cümlədən ən yaxşı qalereyalarda, Atatürk muzeyində sərgilərim açılıb.

-Həyatınızda, fəaliyyətinizdə teatrın ən üstün sənət mövqeyində olduğunu düşünürəm. Nədənsə kənardan belə görünür. Teatr sizin üçün nədir?

-Teatr insanın özünü ən yaxşı ifadə edə bildiyi sənət sahəsi olduğu üçün yəqin ki, məni fırtınalı havada küləyin gücünə müqavimət göstərirmiş kimi işləməyə məcbur edir və uğura aparan ümdə cəhət də budur.

Teatr dərslərindən məqsədim…

-Teatr sənətindən dərs demək zərurəti necə yarandı?

-Teatr dərsləri verməkdə əsas məqsədim səhnəyə çıxmaq istəyən, lakin bu sahədə təhsili olmayan qadınların daxilindəki sənət sevgisinin, istedadın üzə çıxarılmasına nail olmaqdır. Onların sənətdə özünü xoşbəxt hiss etdiyini görmək, ruhlarına toxuna bilmək elə bir duyğudur ki, bunu ifadə etməkdə sözlər, kəlmələr yetərsiz qalır.

-Dev TV-də yeni layihələriniz ciddi maraq doğurur. İzlədiyimiz bütün proqramlarınızda sənətə sonsuz sevginin istiliyi, işığı var. Bu sevginin təməli necə qoyuldu? Və Dev TV-də gördüyünüz və görüləcək işlər haqqında nə demək istərdiniz?

-Dev TV-nin mənim üçün çox önəmli bir yeri var. Hörmətli Erhan Gölbey hamımıza bütöv bir ailə kimi yanaşır və bu hərarət işimizdə də öz əksini tapır. Biz əvvəllər də televiziyada komanda olaraq peşəkarcasına işləmişik, müəyyən uğurlarımız olub. Komandamla birlikdə heç bir məşq etmədən canlı efirdə on bir bölüm skeyçlər oynamışıq. Təbii ki, gələcək üçün planda çoxlu layihələrimiz var. Sponsorlar dəstək olarsa, biz sənətçilər gözəl layihələr gerçəkləşdirməyə davam edəcəyik.

Nail olmaq istədiyim özünüifadə…

Şaziment Duran
Şaziment Duran

-“Yuxu ilə gerçək arasında” (Şenocak Yayınları, 2009), “Vatikan” (Sokak Kitapları Yayınları, 2014) “Zirzəmidən rəqəmsal planetə səyahət” (Meşe Kitaplığı, 2020) adlı romanlarınız yayımlanıb. Roman janrının sonsuz üfüqləri və mürəkkəbliyi onu digər ədəbi janrlardan fərqləndirir. Şaziment Duranı bu janrda yazmağa vadar edən hansı zərurət oldu?

-Əslində, sənətin hər bir sahəsində nail olmaq istədiyim özünüifadə tərzi rəssamlığın mənim üçün qoyduğu təməl ola bilər. Mən romanlarımda da həmişə ilklərdən yazıram: yəni işlənməmiş mövzulardan. İncəsənətin hər bir sahəsində toxunulmamış mövzularda işləmək məni çox xoşbəxt edir.

-Ssenarilərinizdə daha çox hansı mövzu və problematikaya üstünlük verirsiniz? Türk tamaşaçının daha çox hansı mövzulara ehtiyacı var?

-Ssenarilərimdə türk tarixini əks etdirməyi çox sevirəm, eyni zamanda məni cəlb edən hər bir mövzunu həvəslə işləyirəm. Fəqət türk qadınının keçmişdə necə bir gücə sahib olduğunu indiki nəsillərə çatdırmağı özümə daha çox borc bilirəm. Umay Ana, Asena, Tomris Xatun, Raziyə Begüm Sultan, Fatma Bacı haqqında yeni nəsillər mütləq eşitməlidir. Onların hamısı haqqında danışmaq üçün kifayət qədər vaxt yoxdur, amma düşünürəm ki, adlarını qeyd etdiyim güclü türk qadınları haqqında eşidənlər tarix səhnəsində onlardan başqa kimin olub-olmadığı ilə maraqlana və araşdıra bilərlər.

Türk qadınının dəyəri…

-Teatr fəaliyyətinizdə türk qadınının əzəmətli keçmişinə, milli-tarixi xidmətlərinə çox həssas münasibətiniz var. Bu münasibətin kökü haradan qaynaqlanır? İlk dəfə diqqətinizi bu mövzuya yönəldən hansı hadisə oldu?

-Mən Oğuz soyu, Bayat boyundan olan bir Türkəm. Qazi Mustafa Kemal Atatürkün türk qadınlarına bəxş etdiyi hürriyyət dastanının bayrağını gələcəyə daşımaq üçün varam və var olacağam. Nə mutlu türkəm deyənə! Məsələ bundadır ki, türk tarixi o qədər də dərindən tanıdılmayıb. Ona görə də tariximizi anlatmaq, mahiyyətimizi dünyaya çatdırmaq istəyirəm. Türklərin qadınlarına verdiyi dəyəri nümayiş etdirməyə ehtiyac duyuram. Yeddi min ildir ki, Anadolu türklərin beşiyidir, bu beşikdə nə qədər çox dəyərlərimiz yetişib. Bununla belə qadınlarımız yetərincə tanınmayıb və ya diqqətdən kənarda qalıb. Ona görə də istəyirəm ki, türk millətini, türk qadınını yaxından tanısınlar. Ən çox diqqətimi çəkən və məndə təəssüf doğuran türk tarixindən bəhs ediləndə qadınların yox sayılması olub.

Daim yenilənməliyik

-Ədəbiyyata, sənətə yetərincə qatqılarınız var. Və bu qatqılar çox sahəni əhatə edir. Buna baxmayaraq yenə də təhsil alırsınız, 19 Mayıs Universitetinin Robot kodlaşdırma bölümü tələbəsisiniz. Nədən yenə təhsil almaq zərurəti hiss etdiniz?

-Özümüzü yeniləməsək, yeni dünya düzənində yox olub gedərik. Bunun üçün çox oxumalı, çox araşdırmalı, seçkin əsərlər yaratmalıyıq.

-Rəsmlərinizdə hansı janrlara müraciət etmisiniz?

-Ekspressionist, tökmə effekti, lavanda pastel, karandaş. Rəssamlıqda başlıca məqsədim müxtəlif janrlarda türk mifologiyası, türk qadını motivləri və gündəlik həyatdan örnəklər verərək rəsm çəkmək, həbs olunan janrları azadlığa çıxarmaqdır. Ümid edirəm ki, bu baxımdan daxilimdəki duyğuların dili ola bilmişəm.

-Doğma şəhəriniz İzmirə sevginiz və ümumilikdə münasibətiniz əsərlərinizdə hansı səviyyədə öz əksini tapıb?

-İzmirdə yaşamaq böyük bir ayrıcalıqdır. İzmirlilər çox istiqanlıdır və bu, həyatın hər saniyəsində özünü göstərir. İzmirli bir sənətkar olaraq İzmirin füsunkar, sehrli gözəlliyini yaratdığım əsərlərin hər bir zərrəsinə hopdururam.

-Gələcək hədəflər, planlar…

-Gələcəkdə doğulub boya-başa çatdığım Narlıderedə və anamın kəndi Bürhaniye Qaraderedə bələdiyyə teatrı qurmaq, kənd-kənd gəzib pyeslərimin səhnə təcəssümünü xalqa təqdim etmək, sənətə maraq göstərənlərin üzünə teatr qapılarını taybatay açmaq istərdim. Təbii ki, kitablarım, ssenarilərim, rəsmlərim, teatr, televiziya və digər əsərlərimlə dünya səviyyəsində uğur qazanmaq üçün yorulmadan çalışmalıyam. Bunu həmişə öz şüarıma çevirmişəm: özümü Karacaoğlanla bəsləyir, Motsartla süsləyirəm. Yalnız bunu həyata keçirdiyiniz zaman siz özünüzdə həqiqi mənliyinizi axtararsınız və tapdığınız mənliklər sizi əsl varlığınıza aparar. Mənim öz varlığım Şaziment Duran bənzərsizliyi kimi…

Mission News Theme by Compete Themes.