Son yeniləmə: 29 Dekabr 2025
Sənan KAZIMOĞLU
BAYRAQDAR MEDİA – Türk milləti xüsusiyyət olaraq dövlətçi və vətəninə bağlı bir millətdir. Bir yeri öz vətəni kimi qəbul etdimi, o torpaq üçün canını və malını fəda etməkdən əsla çəkinməz. Ancaq həmin dövlət onu tanımaz, canına və malına qəsd edərsə, zəif və ya güclü olmasından asılı olmayaraq haqqı üçün mübarizəyə qalxar. Bunu biz tarixdə də gördük, indi də görürük. Sultan Alp Arslanın məşhur vəziri Nizamülmülkün dediyi kimi: “Baxın, Sultanım, Türkmənə diqqət edin. Onların dövlət qurucu və dövlət yıxıcı xüsusiyyəti vardır. Qurduğu dövlətin özünə xidmət etmədiyini anlayarsa, onu yıxmaqda və yenisini qurmaqda tərəddüd etməz”.
Bunun bir misalı da tarix boyu Güney Türkistan adı ilə bilinən, indiki Əfqanıstan dövlətində yaşanıb. Günümüzdə imperialistlərin oyunu ilə Əfqanıstan adlandırılan Güney Türkistan ən qədim Türk yurdlarından biridir. Türkistan bölgəsinin ürəyi sayılan bu torpaqlar əsrlər boyu Türk milləti tərəfindən idarə olunmuş, Türk sultanlarının bir-birini əvəz etməsinə şahid olmuşdu. Ancaq Nadir Şah Əfşardan sonra bölgədə hakimiyyət puştunların əlinə keçdi. Beləcə zaman içərisində Türkistan adı Əfqanıstan ilə əvəz olunmağa başladı. Dəyişən təkcə ad olmadı, bölgənin adı ilə birlikdə əsrlərlə bu torpaqları idarə edən Türk millətinə münasibət də dəyişdi. Hər fürsətdə Türk millətini görməzdən gələn, sıxışdıran puştun hakimiyyətləri gücü çatmayanları da assimilyasiya etməyə çalışdılar. Bu məqsədlə Əfqan puştun dövləti milli kimliyi çağırış etdirən hər şeydən Türkləri uzaq tutmağa çalışdı. Kənardan baxıldıqda buradakı Türklər sanki yox kimi görünməyə başladı. Ta ki 1960-cı illərə qədər…
1960-cı illərdə Əfqanıstan adlanan dövlətin siyasi mühiti çox gərgin idi. Bir tərəfdən Sovet tərəfdarı radikal sol siyasi axınlar, qurumlar və təşkilatlar mövcud idisə, digər tərəfdən də onların əleyhinə çıxan və arxasında Qərb ölkələrinin olduğu sağ qruplar ölkənin siyasi vəziyyətini gərginləşdirirdilər. Əlbəttə, Çin və İran tərəfdarı qrupların da təsirini unutmaq olmaz. Bu gərgin siyasi atmosferdə fərqli qruplarda yer alan Türk millət vəkilləri də vardı. Türk milləti adına vəziyyətin yaxşı olmadığını görən bir igid ortaya çıxaraq Güney Türkistan Türklərini tək bir siyasi bayraq altında birləşdirməyə qərar verdi. Bu igid Güney Türkistan Türkləri tərəfindən yaxşı tanınan, soylu və əsilzadə bir Türkmən ailəsinə mənsub olan Abdulkərim Məxdum idi.

Abdulkərim Məxdum Əfqanıstan məclisində müxtəlif siyasi qruplarda olan Türk millət vəkillərini toplayaraq “Komitayi Fərhəngi Türkhayi Əfqanıstan” – yəni “Əfqanıstan Türkləri Mədəniyyət Komitəsi”ni qurdu. Bundan sonra ilk iş olaraq uzun mübarizələr nəticəsində Əfqanıstan Dövlət Radiosunda Özbək və Türkmən Türkcəsində verilişlərin yayımlanmasını təmin etdi. Həmin gün Məxdum və dostları (Xəlifə Nurəddin Məxdum, Qadir Həkim, Abdülhəkim Qara, Osman Xan, Mövləvi Cövhəri, Yüzbaşı Köki və Albay Abdulkərim) əvvəlcədən qurduqları Əfqanıstan Türkləri Mədəniyyət Komitəsini “Erkin (Azad) Türkistan” Partiyasına çevirdiklərini elan etdilər. Partiyanı rəsmiləşdirən Abdulkərim Məxdum və dostları partiyanın simvolu olaraq başı yuxarı baxıb ulayan bozqurd, üstündə “Allah Türkü qorusun”, altında isə “Türk olan kafir olmaz, kafir olan Türk olmaz” yazılı bir nişan qəbul etdilər. Partiyanın şüarı isə “İstək sözü” başlığı altında “Türküm mənim Türkümdür (kimliyimdir), Türküm mənim görkümdür (əzəmətim, böyüklüyüm), Türküm canım, imanım, başqada bar gümanım (Türkdən başqasına güvənmərəm, getmərəm)” oldu.
Partiya qurulduğu andan etibarən Əfqanıstan məclisində Türk millətinin səsi oldu və Güney Türkistan Türklərinin dərdlərini gündəmə gətirdi. 1978-ci ilə qədər fəaliyyətini davam etdirən partiya, Sovetlərin bölgəni işğalı ilə kommunistlər tərəfindən ləğv edildi. Partiyanın önə çıxan liderlərinin çoxu şəhid edildi, qalanlar sürgünə göndərildi və ya qonşu ölkələrə sığınmağa məcbur oldu. Abdulkərim Məxdum isə Sovet rejimində cinayət sayılan “Turançılıq” adıyla həbs edildi, 14 ay xüsusi kamerada saxlanıldı. Məxdum haqqında edam hökmü verilsə də bölgədə Türklər üzərindəki təsirindən qorxulduğu üçün sonradan azad edildi.
Azadlığa çıxdıqdan sonra siyasətdən əl çəkdiyini bildirən Məxdum özünə qapandığını söylədi. Amma Məxdum puştunların Güney Türkistan Türklərini Sovetlərə qarşı istifadə etdiyini, halbuki Əfqanıstana ruslara qarşı mübarizə üçün göndərilən pulların mənimsənildiyini, silahların isə Türklərə pulla satıldığını gördü.
Burada bir haşiyə açmaq istəyirəm: Sovet-Əfqan müharibəsi deyilən savaşın ən böyük yükünü və dağıntısını Güney Türkistan Türkləri çəkdi. Çünki Sovetlər bölgəni Türklərin yaşadığı yerlərdən işğal etməyə başladılar. Təəssüf ki, bunun “ədəbiyyatını” isə həmişə puştunlar apardılar. Məhz bu ədalətsizliklər Güney Türkistan ziyalılarını, başda da Abdulkərim Məxdumu narahat etdi. Bu hadisələr davam edərkən Məxdumu ziyarət edən bölgənin tanınmış Özbək Türkü ağsaqqalı Mövləvi Tahir Mutahhari ona belə dedi: “Oğlum, sən necə Turançısan? Özündən utanmırsanmı? Xalq səndən çox şey gözləyir. Harada qaldı Erkin Türkistan partiyası? Ya bir partiya quracaqsan, ya da özünə Türk deməyəcəksən”.
Həm yaşanan olaylar, həm də Mövləvi Tahirin bu sözləri Məxdumu hərəkətə gətirdi və “Siyasət üzündən başıma gəlməyən qalmadı. İki qardaşımı şəhid verdim. Qalan ömrüm Türk millətinə fəda olsun” deyərək “İttihadiyyeyi İslami Vilayəti Şimal Əfqanıstan” (Quzey Əfqanıstan Vilayəti İslam Birliyi) partiyasını qurdu. Qısa müddətdə Güney Türkistan Türklərini yenidən bir bayraq altında toplamağa nail oldu. Amma bölgədəki çirkin oyunlar və siyasi səbəblər ucbatından Türkiyəyə gəlmək məcburiyətində qalan Abdulkərim Məxdum geri dönə bilmədi. Lidersiz qalan partiya da qısa müddətdə dağıldı. Lakin bu, son deyildi. Güney Türkistan Türkləri içərisində bu azadlıq atəşi yanmışdı artıq. Geridə qalanlar bu mübarizəni davam etdirməkdə qərarlı idilər.
Məxdumdan sonra bayrağı Azad Bəg Kərimi aldı. Dəfələrlə Azad Bəg Kərimi ilə görüşən Məxdum ona əlindən gələn yardımı göstərməyə çalışdı. Beləcə Güney Türkistan mübarizəsi enişli-yoxuşlu şəkildə günümüzə qədər gəlib çatdı. Abdulkərim Məxdumun yandırdığı o atəş hələ də Güney Türkistan igidləri tərəfindən davam etdirilir. Səslərini bizlərə yetirə bilməsələr də o torpaqlarda bütün təzyiqlərə baxmayaraq hələ də Türk adı və kimliyi Güney Türkistan Türkləri tərəfindən yaşadılır, millət var olduqca da yaşadılacaqdır.
Abdulkərim Məxduma gəldikdə, Türkiyənin Tokat şəhərinə yerləşərək ömrünün qalanını burada keçirdi. Uzun illərin ardından yalnız 2019-cu ildə vətəni Güney Türkistana gedə bildi. 2019-cu ilin sentyabrında illər sonra vətəninə qayıdan Məxdum həmin ayın 30-da doğulduğu Cüzcan vilayətinin Qızılayaq kəndində vəfat etdi. Allah bu millət üçün mübarizə aparan və ömrünü bu yola sərf edən hər kəsdən əbədi razı olsun.
Yazını Əfqanıstanın qurtuluşunu Güney Türkistan Türklərinin tam istiqlaliyyətində görən Abdulkərim Məxdumun sözü ilə bitirək: “İnşallah, Türkistan-ı kəbirimiz azad olar, harada Türk olsa birləşər və bayrağımızı yuxarı qaldırarıq”.





