BAYRAQDAR MEDİA – Sentyabrın 17-də Azərbaycan Milli Xalça Muzeyində (AMXM) Rəssamlar İttifaqının və UNESCO-nun ixtisaslaşmış qurumunun üzvü Milena Nəbiyevanın “Əsrlərin sədasında xalça sehri” adlı fərdi sərgisi açılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirdə Muzeyin direktoru Əminə Məlikova, Xalq rəssamı, Prof. Arif Hüseynov, Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbov, Əməkdar incəsənət xadimi, Prof. Kübra Əliyeva, millət vəkili Razi Nurullayev çıxış edərək rəssamın yaradıcılığı və sərginin əhəmiyyətindən danışıblar. Sərgidə müəllifin müxtəlif dövrlərdə ərsəyə gətirdiyi 40-dan artıq əsər təqdim olunur. Azərbaycan xalça kompozisiyalarının, ornamentlərinin mühüm yer tutduğu bu əsərlərdə milli memarlıq, təbiət və çiçək motivləri müasir rəssamlıq dili ilə əks etdirilib”.
Ardınca xəbərdə deyilir ki, “orijinal bədii yanaşması ilə seçilən M.Nəbiyeva öncə naxışları kətana köçürür, sonra həmin zəngin fon üzərində əsas süjeti qurur. Bu üsulla xalça motivlərinin Azərbaycanın memarlıq abidələri, doğma bölgələrin təbiət mənzərələri, nemətləri və s. ilə mükəmməl vəhdətini yaratmağa nail olur. Sərgidə təqdim olunan “Cənnət bağından heyva”, “Bazar səhəri”, “Malıbəyli”, “Aşiq olmaq”, “Sevgi buketi”, “Özünəinam buketi” və digər əsərlər bu baxımdan xüsusilə maraqlıdır. Onlarda keçmişin estetik kodları çağdaş təfəkkürlə qovuşur, naxışların dili ilə tariximizə, Azərbaycanın zəngin mədəniyyətinə dərin ehtiram ifadə edilir. Sərginin AMXM-də keçirilməsi rəssamın yaradıcılığında milli xalça kompozisiyaları və ornamentlərinə geniş yer verməsi ilə əlaqədardır. Muzey xalça mövzusuna müraciət edən rəssamları daim dəstəkləyir və bu sərgi də həmin diqqətin bariz nümunəsidir”.
Bildirək ki, rəssamın əsərləri bugünədək Bakı, Paris, Ankara və Sankt-Peterburq şəhərlərində keçirilən sərgilərdə nümayiş olunub. Sözügedən sərgi isə onun Azərbaycan mədəni irsini rəng, naxış və yeni ideyalarla ifadə etdiyi sənət yolunda növbəti mərhələdir.
Qeyd edək ki, sərgi sentyabrın 21-dək davam edəcək.





