Press "Enter" to skip to content

Güney Azərbaycandan İlham Əliyevə müraciət

Güney Azərbaycan Qurtuluş Partiyası

BAYRAQDAR MEDİA – Güney Azərbaycan Qurtuluş Partiyası (GAQP) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Açıq Müraciət ünvanlayıb. Partiyanın başqanı Eldar Qaradağlının imzası ilə yayımlanan Müraciətin tam mətnini təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Güney Azərbaycan Qurtuluş Partiyasının (GAQP) Açıq Müraciəti

Hörmətli cənab Prezident İlham Əliyev,

23 sentyabr (1 mehr) İranda yeni tədris ilinin başlanğıcıdır. Təəssüf ki, bu tarix milyonlarla azərbaycanlı məsum uşaqlara, Güney Azərbaycan türkünə və ümumiyyətlə 50 milyonluq Azərbaycan xalqına və dövlətinə bayram yox, milli aşağılanma günü kimi ilbəil təkrar olunur.

Cənab Prezident,

54 il Pəhləvi, 46 il isə üzdəniraq mövcud islam rejimi ana dilimizin təhsil hüququnu sistemli şəkildə yasaqlayır; Azərbaycan Yaylasının yerüstü-yeraltı sərvətlərini talayır; gənc beyinlərimizi ölkəmizdən uzaq salaraq öz əleyhimizə assimilasiya edir; eyni zamanda gözümüzün önündə regionun həyat qaynağı və milli simvolumuz Urmu gölü dövlət siyasətinin nəticəsi olaraq qurudulur.

Cənab Prezident,

Güneyin saysız problemlərini bir kənara buraxsaq, bu iki problem — dil hüquqlarının yox sayılması və Urmu gölünün məhvi — yalnız lokal deyil, həm də regional və humanitar məsələdir. İranın tətbiq etdiyi siyasətlər həm öz konstitusiyasına, həm də beynəlxalq insan hüquqları prinsiplərinə zidd hesab olunur.

Cənab Prezident,

Azərbaycanın artan geosiyasi nüfuzu və milli həmrəyliyi bu kimi məsələlərin beynəlxalq müstəvidə diqqətə çıxarılmasında böyük önəm daşıyır. Biz — Güney Azərbaycan Qurtuluş Partiyası Sizi və dövlətimizi bundan sonra da:

-Güney Azərbaycan türklərinin ana dilində təhsil haqqının müdafiəsini diplomatik gündəmə daşımağı,
-Urmu gölünün xilası üçün regional və beynəlxalq platformalarda təşəbbüs göstərməyi,
-Dövlət diplomatiyamıza uyğun gəldikdə beynəlxalq təşkilatlarla birgə monitorinq və müdaxilə mexanizmləri formalaşdırmağı,
-Türk Dövlətləri Təşkilatında (TDT) nüfuzlu hüzurunuzla Güney varlığını gündəmdə saxlamağı xahiş edirik.

Bu addımlar Güney Azərbaycanla həmrəyliyi göstərməklə yanaşı, həm də regionda dayanıqlı sülh və ekoloji sabitliyin təmininə xidmət edəcəkdir.

Mission News Theme by Compete Themes.