BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən həyata keçirilən “PeşəFest-2025” festivalı Astara rayonunda başlayıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.
Məlumata görə, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyır: “Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, millət vəkilləri Rəşad Mahmudov və Vasif Qafarov, DMA-nın İdarə Heyətinin sədri Sadiq Əliyev, eləcə də ətraf rayonlardan dövlət və özəl təşkilatların rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. S.Əliyev çıxış edərək “PeşəFest”in ölkənin 11 iqtisadi rayonunu əhatə edən interaktiv karyera yönümlü layihə olduğunu, festivalın gənclərə və yeniyetmələrə müxtəlif peşələri tanıtmağa, onlara peşə seçimində dəstək olmağa xidmət etdiyini bildirib”.
Milli Məclisin deputatları R.Mahmudov və V.Qafarov gənclərin uğurlu karyera qurmalarında, müasir peşələr barədə dolğun məlumat almalarında və onlarda əyani təsəvvürün formalaşmasında “PeşəFest”in xüsusi rolu olduğunu qeyd ediblər.
Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini bölüşüblər.
Qeyd edək ki, növbəti “PeşəFest” sentyabrın 19-da Biləsuvar şəhərində Heydər Əliyev parkında keçiriləcək.





