Press "Enter" to skip to content

Prezident Avropa Birliyinin nümayəndəsini qəbul etdi

Prezident Avropa Birliyinin nümayəndəsini qəbul etdi

BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev sentyabrın 18-də Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib.

Bu haqda xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, “qonaq Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh naminə əldə edilmiş nailiyyətlər münasibətilə dövləti başçısına təbriklərini çatdırdı. O, Avropa İttifaqının regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə və Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki fəaliyyətinə dəstəyini bundan sonra da davam etdirəcəyini qeyd etdi. Marta Kos Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək, həmçinin nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğuladı”.

Bilidirilib ki, “İlham Əliyev bu ilin mayında Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşünü xatırladı. Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirərək, Azərbaycanın regionda sülh naminə görülən səylərini bundan sonra da davam etdirəcəyini vurğuladı. Regionda nəqliyyat bağlantılarının yaradılması üçün yaxşı imkanların olduğunu deyən Prezident işğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycanın intensiv işlər gördüyünü qeyd etdi. Bu xüsusda Zəngilana gedən avtomobil və dəmir yolu xətlərinin əhəmiyyətini vurğuladı”.

Qeyd edildi ki, “Azərbaycan qazı hazırda Avropanın 10 ölkəsinə, o cümlədən Avropa İttifaqına üzv 8 dövlətə ixrac olunaraq enerji təhlükəsizliyinə töhfə verməkdədir və ixrac coğrafiyası genişlənməkdədir. Orta Dəhliz ilə Mərkəzi Asiyadan Azərbaycana gələn yüklərin həcmində əsaslı dərəcədə artımın müşahidə olunduğu bildirilərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı”.

Mission News Theme by Compete Themes.