BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Sosial Xidmət Mərkəzində sosial reabilitasiya xidmətlərindən bəhrələnən əlilliyi olan uşaqlar və onların valideynlərinin iştirakı ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “sosial inklüzivliyi və ailə dəstəyini təşviq etmək məqsədi daşıyan tədbir çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli və inkişafetdirici oyunlar, həmçinin onların sosial bacarıqlarının gücləndirilməsi və aktiv şəkildə ətraf mühitlə tanış olmaları üçün fəaliyyətlər təşkil olunub. Valideynlərin cəlb olunduğu daha bir görüş isə Yasamal Sosial Xidmət Mərkəzində keçirilib. Qrup terapiyasında valideynlər art terapiyanın bir növü olan keramika sənətinə uyğun müxtəlif fiqurlar hazırlayıblar”.
Daha sonra xəbərdə, “silsilə şəkildə təşkil edilən qrup terapiyaları və master-klaslar valideynlər və azyaşlılar arasında sağlam ünsiyyət, ailə dinamikası, fərdi-psixoloji sağlamlığa töhfə vermək, eyni zamanda uşaqların şəxsi inkişafına nail olmaq məqsədi daşıyır. Bu kimi tədbirlərlə iştirakçıların stress və emosional yükləri azalmaqla yanaşı, valideynlərə konfliktlərin idarə olunması, ünsiyyət bacarıqları, uşaqlarla düzgün münasibət qurmaq, stresin idarə olunması kimi həyati bacarıqlar öyrədilir” deyə qeyd olunur.





