BAYRAQDAR MEDİA – İsti-isti yazım ki, sonra yadımdan çıxmasın və ya başım qarışanda əldən qalıb 50 ilə qalmasın.
Maşınımın texniki baxışı sentyabrın 22-də bitir. Bu gün isə ayın 19-dur. Düşündüm ki, son günə qədər gözləməyim, elə bu gün bu məsələni həll edim.
Səhər saat təxminən 9.30-da evdən çıxdım. Getdim düz Sabunçudakı Müayinə Mərkəzinə (Zabrat-Maştağa şosesi). Bilərəkdən heç bir hazırlıq görmədim. Maşının tibb çantasını yoxlamadım, yanğınsöndürənin vaxtı keçmişdi, ona da dəymədim. Sadəcə maraqlı gəlirdi ki, belə bir durumda texniki baxışdan keçə bilərəmmi?
Getdim. Ərazi bomboş idi. Sakitlik, səliqə-sahman da öz yerində. Açıq girişə yaxınlaşdım, maşını saxladım. Əvvəlcə sözügedən avadanlıq və təchizatı yoxladılar. Bildirdilər ki, bunları uyğunlaşdırmaq lazımdır. Hətta konkret bir tibbi ləvazimat siyahısı da verdilər, nəzakətlə buyurdular ki, bu əskikləri düzəldin, sonra yaxınlaşın.
Təşəkkür edib yola düzəldim. Əvvəlcə xeyli aralıda (23 km) olan yanğınsöndürən satış və xidmət məntəqəsinə getdim. Bir neçə dəqiqə içində balonu yenidən doldurub təhvil verdilər. Yolüstü tibbi çantanın əskiklərini də düzəltməyə çalışdım, amma tam olmadı. Bəzi materiallar çatışmadı, onları da geri dönərkən Zabrat dairəsində bir aptekdən aldım.
Beləliklə, aptek ləvazimatı üçün 27, yanğınsöndürən üçünsə 10 manat xərcim çıxdı. Yəni 37 manat.
Bunları həll etdikdən sonra texniki baxış üçün yaxınlaşdım. Yenə də növbə yox idi. Boşluq idi hətta. Yaxınlaşdım, baxdılar, yoxladılar, uyğun texniki sınaqları da keçirib onlayn sistemə vurdular (kağız-kuğuz yoxdur artıq), ardından da gərəkli qapıya yönəltdilər.
Burada nahar fasiləsinə düşdüyüm üçün azacıq gözləməli oldum. Amma problem yox idi. Sadəcə xidmət üsulu köhnəfəndi idi. Yəni sonrakı mərhələdə ata-baba adəti qalıb. Ki bunu da niyə hələ saxlayırlar, anlamadım.
Məsələ bu idi ki, texniki baxış prosesini bitirmək üçün bir pəncərəyə yaxınlaşıb bir vərəq çap edilmiş kağızı almaq lazımdır. Tez həll edilən məsələdir (həm də pulsuz). Sonra o vərəqlə də müfəttişlərdən birinə yönəldirlər sürücüləri. Məni də 1 nömrəli otağa yönəltdilər.
Daxil oldum, sənədlərimi və o kağızı təqdim elədim. Müfəttiş bəzi məlumatları kompüterə əlavə elədi. İstədim ki, onlayn ödəniş edim, məni xəzinəyə yönləndirdi. Orada da kartla ödəniş etmək istədim, dedilər mütləq nağd ödəməlisən. 30 manat texniki baxış, 11 manat da utilizasiya (cəmi 41 manat) haqqı ödəyib çekləri müfəttişə gətirdim, verib çıxdım.
Evə çatanda artıq e-poçtuma texniki baxışdan keçdiyim haqqında məlumat daxil olmuşdu.
Ümumi rəyim budur ki, əvvəlki illərlə müqayisədə inqilabi dəyişiklik var. Yəni süni sıxışdırma, əngəl nəzərə çarpmır. Xidmət yeri də çox abad, səliqəli, nizamlıdır. Buna sevindim.
Yalnız anlamadığım bir şey var: niyə sürücülər maşını texniki baxışdan fiziki olaraq keçirdikdən sonra mütləq hansısa pəncərəyə yaxınlaşıb bir kağız almalı, növbə gözləyib müfəttişin qəbuluna düşməlidir? Nəqliyyat vasitəsi baxışdan keçirilibsə və bu bilgilər onlayn ötürülə bilirsə, qalan prosesi də e-sistemlə etmək olmazmı? Məncə etmək olar və lazımdır. Əslində texniki baxış da yetərincə ASANlaşıb, amma tam deyil. Sonuncu mərhələni də onlayn etsələr, üstəlik ödəməni də onlayn (əslində bu xidmət var) mərhələyə buraxsalar, hər şey çox əla olar.
Bir daha deyirəm, xidmətlə bağlı narahatlığım olmadı. Yalnız özüm-özümə bir balaca zülm elədim. Halbuki yanğınsöndürən və tibbi çantamı tam hazır vəziyyətə gətirdikdən sonra ora getmiş olsaydım uzağı yarım saata baxışdan keçə biləcəkdim. Etmədim və xeyli vaxt itirdim.
İtirdiyim vaxt isə texniki baxış və bütövlükdə prosesə deyil, yollara sərf edildi. 100 km məsafə qət etdim, 3 saat 23 dəqiqə yolda oldum. Bax, buna çox heyifim gəldi…
İndi isə təklif edərdim ki, ümumiyyətlə texniki baxışı ləğv etmək lazımdır. Yaxud da ən azından heç olmasa nisbətən yeni maşınlar, misal üçün indiki halda yaşı 15-dən az olanlar üçün texniki baxışa nə gərək var axı (hazırda 5 yaşa qədər olan maşınlar üçün bu qayda var)? Kim maşınını bərbad gündə sürər? Şəxsən mən bunu etməmişəm, etmərəm də. Həm də bu yeni texnologiyalar dövründə artıq köhnə qaydalardan da imtina etmək lazımdır. Deyərdim ki, texniki baxış yerinə, hansısa vergi tətbiq etmək olar. Elə o 30 manat rüsumu yol vergisinə çevirmək, utilizasiya pulunu da üstünə əlavə etmək ən yaxşı çıxış yoludur. Yoxsa durub heç bir ciddi problemi olmayan maşını ildə (2 ildə) bir dəfə apar, yoxlatdır, növbə gözlə, vaxt itir. Onsuz da hər kəs maşınını ildə bir neçə dəfə ustaya aparır, tam yoxlatdırır da.
Sonda: Adətən texniki baxış vaxtı çatanda xəbərdarlıq SMS-i gəlir. Mənim adımda olan başqa bir maşınla bağlı hər il SMS alıram. Amma neçə ildir ki, hazırda və bundan öncə sürdüyüm maşınla bağlı xəbərdarlıq SMS-i gəlmir. (Bir dəfə bu səbəbdən texniki baxışı gecikdirdiyimə görə cərimə də edilmişəm.) Bunu 1-ci otaqdakı müfəttişə də dedim. Cavabı bu oldu ki, “bizlik deyil”. İndi istərdim ki, bu məsələnin kimlik olduğunu bilən varsa, lütfən mənə xəbər versin. Yeri gəlmişkən, sistemdə mənim işlək telefon nömrəm də qeyd edilib…





