BAYRAQDAR MEDİA – “Köç planına əsasən 19 yaşayış məntəqəsinə o cümlədən, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun 11 kəndinə (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara,
Seyidbəyli, Xanabad, Şuşakənd, Almalı, Çanaqçı və Mehdibəyli) və Ağdərə rayonunun 7 kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Aşağı Oratağ və Çapar) əhalinin köçü ilə bağlı təmir-bərpa işlərinin aparılması məqsədilə müvafiq sayda qismən yararlı evlər müəyyən edilmişdir”.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında belə qeyd edilir.
Məlumatda deyilir: “Xocalı rayonunun Ballıca kəndində 200 ailə (912 nəfər), Xanyurdu kəndində 69 ailə (237 nəfər), Təzəbinə kəndinə 28 ailə (125 nəfər), Badara kəndində 14 ailə (56 nəfər), Daşbulaq kəndində 13 ailə (67 nəfər), Seyidbəyli kəndində 9 ailə (30 nəfər), Şuşakənd kəndinə 15 ailə (59 nəfər), Ağdərə rayonunun Həsənriz kəndində 159 ailə (566 nəfər), Vəngli kəndinə 51 ailə (188 nəfər) və Kolatağ kəndinə 26 ailənin (89 nəfər) köçü reallaşıb. Qeyd olunan kəndlərdə fərdi evlərin bərpası ilə yanaşı yaşıllıq zonalarının, o cümlədən əhalinin istirahəti üçün nəzərdə tutulmuş parkların salınması, dekorativ bitkilərin əkilməsi, küçələrin abadlaşdırılması, kənddaxili yolların təmiri və asfalt örtüyünün yenilənməsi, küçələrin işıqlandırılması, eləcə də müvafiq infrastrukturun yaradılması ilə bağlı aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi kimi tədbirlər həyata keçirilir”.
Məlumata əsasən, Ağdərə rayonunun Suqovuşan kəndində inşası başa çatdırılmış 5 ədəd 5 mərtəbəli yaşayış binasına 2025-ci ilin mart-aprel aylarında ümumilikdə 180 ailə (592 nəfər), Xocalı şəhəri üzrə isə 86 ailə (346 nəfər) məskunlaşmışdır. Ağdərə rayonunun Talış kəndində 20 ailə (90 nəfər) məskunlaşdırılıb: “Əhalinin məskunlaşdırılması sahəsində icra olunmuş tədbirlərə gəlincə, ərazidə ümumilikdə 18.7 minə yaxın şəxsin məskunlaşması təmin edilmişdir. Xankəndi şəhəri üzrə 14740 nəfər, o cümlədən dövlət və özəl qurumlar üzrə çalışanlar ailə üzvləri ilə birgə 11030 (onlardan orta məktəb şagirdləri – 1036 nəfər), Qarabağ Universiteti üzrə tələbə heyəti 2210 nəfər, hərbiçilər (ailə üzvləri ilə birgə) 1500 nəfər; Ağdərə rayonu üzrə 1773 nəfər, o cümlədən dövlət və özəl qurumlar üzrə çalışanlar ailə üzvləri ilə birgə 248 (iş üzərində gələnlər) nəfər, məskunlaşmış keçmiş məcburi köçkünlər 1525 nəfər; Xocalı rayonu üzrə 2170 nəfər, o cümlədən dövlət və özəl qurumlar üzrə çalışanlar ailə üzvləri ilə məskunlaşdırılıb”.





