BAYRAQDAR MEDİA Güney Azərbaycan azadlıq mücadiləsinin öncüllərindən olan Məcid Cavadi Arazın yazısını təqdim edir:
Urmu Gölü faciəsi: Faşizmin Azərbaycanın bədənində açdığı dərin yaranın mahiyyəti
Urmu Gölü ətrafındakı duz fırtınalarına dair yayılan videolar dəhşətlidir. Göl tamamilə quruduqdan sonra payız küləkləri onun duzunu ətraf şəhər və kəndlərə daşıyır. İki on il öncə gözəl iqlimi və yaşıllığı ilə məşhur olan şəhər və kəndlər bu gün heç bir canlının uzun müddət dözə bilməyəcəyi duz fırtınalarının əsirinə çevrilib. Ölümün ağ tozu tədricən Güney Azərbaycanın geniş bölgələrinin üzərinə çökür. Gölün şərqindəki şəhərlər, xüsusilə Əcəbşir, Azərşəhr (Tufarqan) və Şəbistər Urmu Gölünün qurudulmasının ilk qurbanları olacaq. Azımsanmayacaq qədər mütəxəssis yaxın gələcəkdə Təbrizin də yaşanılmaz hala gələcəyi barədə xəbərdarlıq edir.
Əski kənd təsərrüfatı naziri və Urmu Gölünü Xilasetmə Qərargahının sədri İsa Kəlantəri deyir: “Biz 1995-ci ildən bilirdik ki, bu şəkildə bəndlər salınsa, göl 2015-də quruyacaq”. Mütəxəssislərin, hətta bəzi dövlət rəsmilərinin 1990-2000-ci illərdə Urmu Gölünün quruyacağı barədə verdikləri xəbərdarlıqlar o qədər çoxdur ki, hamısını toplasan bir kitabdan artıq olar. Xalqın etiraz və tələbləri də 2000-lərdə başladı və indiyədək müxtəlif formalarda davam edib. 2011-ci ilin sentyabrında etirazlar ardıcıl nümayişlərə çevrildi və xüsusilə Urmu şəhərində küçə toqquşmalarına səbəb oldu. 2022-ci ilin iyulunda yenə Urmuda küçə etirazları baş verdi. Urmu Gölünün xilas olunması üçün ortaya çıxan etirazlar, mədəni, bədii və ictimai kampaniyalar həqiqətən çox geniş və güclü idi.

Xatəmi və Əhmədinejad dövrlərində Urmu gölünü xilas etmək üçün heç bir addım atılmadı. Həsən Ruhaninin prezidentliyi dövründə isə 2013-ci ildə xalq etirazlarının yüksəlməsi nəticəsində Urmu Gölünü Xilasetmə Qərargahı yaradıldı. Uzun müzakirələrdən sonra 27 layihə hazırlandı, amma heç biri tam şəkildə icra olunmadı. Yalnız “Kani Sib Tuneli” layihəsinin Zab çayından su gətirmək məsələsində bir qədər irəliləyiş əldə etdiyi iddia edildi. Lakin sonradan bunun da hərbi məqsədli olduğu və İnqilab Keşikçilərinin Urmu Gölü adı altında əslində hərbi hədəflərlə inşa etdikləri irəli sürüldü. Əslində Urmu gölünü xilas etmək üçün heç vaxt ciddi bir büdcə nəzərdə tutulmadı. İllik 250 milyon dollar, 47 milyon dollar, 76 milyon dollar kimi rəqəmlər səsləndirildi, amma bunlar problemin böyüklüyü qarşısında ciddi sayılmaz (məsələn, cənub dənizlərindən İsfahan və Yəzdə su daşınmasına ayrılan bir neçə milyard dollarlıq büdcələrlə müqayisə edildikdə). Üstəlik, bu pulların nə qədərinin ayrıldığı və ayrılan hissənin hara xərcləndiyi də bəlli deyil. Son illərdə isə ümumiyyətlə heç bir nəzərə çarpacaq büdcə ayrılmadı, Qərargah da ləğv edildi. Nəticədə Urmu gölü tamamilə qurudu.
Heç kim şübhə etmir ki, Urmu gölünün quruması Güney Azərbaycanın ölüm-dirim məsələsidir. Gölün yatağında mövcud olan 8–10 milyard ton duzun yayılması ilə Güney Azərbaycanın böyük bir hissəsində bitki və heyvan həyatı, xüsusilə də Təbriz şəhəri məhv olacaq. Ən azı 5 milyon insan da İranın mərkəzindəki səhralıq bölgələrinə köçməyə məcbur qalacaq.
Hazırda İranın bütövlükdə özü, İran İslam Cümhuriyyəti rejiminin fəlakət səviyyəsindəki idarəçiliyi nəticəsində su böhranı ilə üz-üzədir. İranda elə bir bölgə yoxdur ki, su böhranı və su gərginliyi yaşamamış olsun. Buna görə bəlkə də Urmu gölünün quruma prosesinin başlamasını yanlış idarəçiliyin bir nəticəsi kimi qəbul etmək olar. Ancaq gölü xilas etməyə yönəlik səylərin olmamasını təsadüf və ya sadə bir səhlənkarlıq kimi görmək sadəlövhlük olardı. Əslində göl çox da çətin və mürəkkəb olmayan, lakin müəyyən maliyyə tələb edən bəzi layihələrlə, məsələn, kənd təsərrüfatı və suvarma modelinin islahı ilə tarazlığa qovuşdurula bilərdi.
Mövcud məlumatlara görə, təkcə Güney Azərbaycanın qızıl və mis mədənləri istehsalının maddi dəyəri, hansı ki İranın ümumi hasilatının təqribən 50 faizini təşkil edir, illik 1 milyard dollardan artıqdır. Bu sərvətlər xammal halında Azərbaycandan çıxarılır, Azərbaycana isə yalnız ekoloji fəlakətlər və müxtəlif xəstəliklər qalır. İran İslam Cümhuriyyətinin öz məlumatlarına görə, Urmu Gölü hövzəsindəki suyun təqribən 90 faizi kənd təsərrüfatında istifadə olunur. Regiondakı kənd təsərrüfatı modeli düzəldilsəydi, kənd təsərrüfatı su istehlakında 40 faiz qənaət mümkün olardı və bu su Urmu gölünü tarazlıqda saxlaya bilərdi. Bəs Azərbaycanın mədən gəlirlərinin bir hissəsi Urmu Gölü hövzəsində kənd təsərrüfatı modelinin islahına yönəldilə bilməzdimi? Əlbəttə ki, yönəldilə bilərdi. Necə ki, cənub dənizlərindən İranın mərkəzindəki səhralara milyardlarla dollarlıq astronomik büdcələrlə su daşınır. Amma bu iş Azərbaycan üçün edilmədi.
Yuxarıdakı mənzərəyə baxaraq, kim iddia edə bilər ki Urmu Gölünün qurudulmasında qəsd yoxdur?
Amma əsas sual budur: İran İslam Cümhuriyyəti rejimi niyə belə bir iş görməlidir?
Xalq təbəqəsinə söykənməyən və hesabat verməyən diktatura rejimlərində belə təşəbbüslər gözlənilməz və nadir deyil və müxtəlif motivlərlə həyata keçirilə bilər. Dünyada bunun bir çox nümunəsi mövcuddur. Amma bizim ictimaiyyət üçün daha tanış olan iki nümunə Sovetlər Birliyinin kommunist rejimi tərəfindən Aral gölünün qurudulması və Krım Türklərinin kütləvi sürgün edilməsidir. Hər ikisi də fəlakətli nəticələrə gətirib çıxarıb. Təsadüf deyil ki, İran İslam Cümhuriyyəti düşüncəcə Sovetlər İttifaqına xeyli bənzəyir.
Türk Dünyasını coğrafi baxımdan bir-birindən ayırmaq siyasəti köhnə bir rus siyasətidir. Bu siyasətin Türküstanda (Orta Asiya) və Quzey Azərbaycanda (Güney Qafqaz) geniş məcburi köçlər və dağıdıcı müharibələr də daxil olmaqla uzun bir tarixi var; ancaq bunları bu yazının çərçivəsində izah etmək mümkün deyil. İranda son Türk mənşəli dövlətin süqutundan və xarici qüvvələr vasitəsilə aqressiv fars (tacik) millətçiliyin hakimiyyətə gətirilməsindən sonra, İranın mərkəzi hökumətləri həmişə bu siyasətin cənub qanadını tətbiq etməyin yollarını axtarıb. Yəni xüsusi ilə Güney Azərbaycan, İraq-ı Əcəm (mərkəzi İran) və İranın digər bölgələrindəki Türkləri Türkiyədən coğrafi olaraq ayırmaq. Bu siyasət daha çox Qərbi Azərbaycan regionunda demoqrafik və inzibati strukturu dəyişdirmə layihələri ilə aparılıb. Lakin görünür ki, Urmu Gölü məsələsi İranı idarə edən Şuubi–İranşəhri cərəyanı üçün istisna bir fürsət yaradıb.
Bir sıra zəncirvari hadisələr İran İslam Cümhuriyyətini bu nəticəyə gətirib çıxarmışdır: Güney Azərbaycan məsələsi və onun Quzey Azərbaycanla, həmçinin Türkiyə ilə coğrafi bağlantısı məsələsi daha artıq gecikmədən həll olunmalıdır. Sovetlər Birliyinin dağılması və Quzey Azərbaycan ilə Türküstan dövlətlərinin müstəqilliyi, Birinci Qarabağ savaşı, Türkiyənin geosiyasi gücünün artması, Türk dövlətləri arasında siyasi ittifaqın formalaşması, İkinci Qarabağ savaşı və Azərbaycanın bu müharibədə əldə etdiyi böyük qələbə, Quzey Azərbaycan ilə Türkiyə arasındakı strateji ittifaq, Zəngəzur məsələsi və buna bənzər inkişafların hamısı Güney Azərbaycanda, İraq-ı Əcəm və İranın digər bölgələrində Türk kimliyinin inanılmaz sürətlə güclənməsinə, mədəni–siyasi bir dib dalğaya çevrilməsinə və İranın siyasi balansına təsir göstərməsinə səbəb olmuşdur.
Elə ki, hətta rejimin son göstərməlik və ictimai mühəndislik məhsulu olan prezident seçkilərində ənənəvi islahatçı və mühafizəkar qanadlar kənara atılmış, səslər milli mənsubiyyətlərə görə sandıqlara getmişdir. Bu misilsiz durum İran vətəndaşlarının seçki və siyasi davranış tərzində dərin bir dəyişikliyin göstəricisidir.
Rejimin yüksək rütbəli rəsmilərinin — Qasım Süleymani, Əli Əkbər Vilayəti, Ruhani və Zərif kimi — müxtəlif açıqlamalarında Türkləri yad və düşmən kimi görmələri əlbəttə ki, təsadüf deyil. Çünki İran İslam Cümhuriyyətinin davranış modeli də bu baxış tərzini təsdiqləyir. Rejimin gövdəsinin yenidən Rza Xan (Rza Şah) tərzi fars (tacik) millətçiliyinə dönüşü də ancaq bu kontekstdə qiymətləndirilə bilər. Rejimin Türk məsələsinə qarşı mövqeyi və Rza Xan modeli millətçiliyinə qayıdışı ayrıca, müstəqil şəkildə araşdırılmalı geniş bir mövzudur.
Digər tərəfdən, İran İslam Cümhuriyyəti struktur problemləri səbəbindən sudan və elektrikdən tutmuş iqtisadi iflasa, siyasi legitimlik böhranından İsrail və Amerika ilə müharibəyə qədər müxtəlif böhran bataqlıqlarına saplanmışdır. Bu isə rejimin gələcəyini ciddi suallarla üz-üzə qoyur.
Belə bir şəraitdə rejimin qərar mexanizmini ələ keçirən İranşəhri–Şuubi axımı, iş işdən keçmədən xüsusilə Güney Azərbaycan məsələsi və ümumilikdə Türk məsələsi üçün bir çıxış yolu düşünmək lazım olduğunu hiss edir. Geriçi İranşəhri–Şuubi axımının etnik parçalanma məsələsindəki problemi yalnız Türklərlə məhdudlaşmır; ərəblər, bəluclar, kürdlər və türkmənlər kimi digər əzilən xalqlar da vardır. Ancaq heç kimə sirr deyil ki, bu sahədə həlledici və ağır basan ünsür, ölkə əhalisinin 40 faizini təşkil edən on milyonlarla türkdür.
Bu səbəbdən rejimin bəzi düşüncə mənbələri və güc mərkəzləri hesab edir ki, ən azı 5 milyon Azərbaycanlını — xüsusilə Təbriz xalqını — Urmu Gölünün qurumasını bəhanə göstərərək İranın mərkəzi ərazilərinə məcburi köçürməklə həm Türkiyə sərhədində tampon zona yarada, həm də təhlükə ocağını parçalayaraq zəiflədə bilərlər. Son günlər mediada yer alan xəbərdə Tehran Universiteti Su İnstitutunun rəhbəri Azərbaycan xalqını İranın digər ərazilərinə yerləşdirəcək yerin olmadığını demişdi. Belə xəbərlər adətən ictimaiyyətin reaksiyasını ölçmək üçün təhlükəsizlik və kəşfiyyat orqanları tərəfindən yayımlanır. Yəqin ki, gələcəkdə belə xəbərlərin və müzakirələrin sayının artırılmasına, cəmiyyətin addım-addım bu cür ideyaya alışdırılmasına şahid olacağıq.
Şübhəsiz ki, İran İslam Cümhuriyyətinin bu siyasəti də digər bütün siyasətləri kimi dar görüşlü və ağılsızdır. İrandakı türk məsələsi belə insanlıqdan uzaq və fəlakətli bir üsulla nə həll ediləcək, nə də yüngülləşdiriləcək. Əksinə, bu siyasət bəlkə də problemi həll olunmaz vəziyyətə gətirəcək, daha dərin və mürəkkəb böhranlara yol açacaq.
Mümkündür ki, milyonlarla Azərbaycan türkünün köçünün ilk dayanacaqları Tehran və Kərəc şəhərləri olacaq. Halbuki bu şəhərlər indi belə, xüsusilə su böhranı olmaqla, ciddi struktur problemləri ilə mübarizə aparır. İran İslam Cümhuriyyəti rejimi bu qədər böyük bir köç baş verəcəyi təqdirdə hansı böhranlarla üzləşəcəyini və bu böhranların öhdəsindən hansı tədbir və resurslarla gələcəyini fikirləşibmi? Üstəlik, indi hazırda Tehran və Kərəcin əhalisinin təxminən yarısı türk mənşəlidir. Belə böyük bir köç baş verərsə, Tehran və Kərəcin etnik quruluşu xeyli dərəcədə türklərin lehinə dəyişəcək. Rejim bu məsələnin öhdəsindən necə gələcək? Paytaxtı İsfahanamı köçürəcək və Tehranı türklərəmi buraxacaq?
Urmu Gölünü xilas etmək üçün hələ də gec deyil. Ancaq İran İslam Cümhuriyyəti inadkarlığını davam etdirsə, Urmu gölü faciəsi bəlkə də İran daxilində böyük hadisələrin və inkişaflar zəncirinin başlanğıcı olacaq. Bu mövzuda qarşıdakı günlərdə bir məqalə qələmə alacağam.
Amma kəsin olan budur: Azərbaycan türk milləti, İranşəhri–Şuubi axımının bu böyük xəyanətini əsla unutmayacaq. Daha öncə eyni axımdan gördüyü digər xəyanətlərlə birlikdə bunu da “hesab günü” üçün yaddaşına yazacaq.









