Press "Enter" to skip to content

Son tunc-ilk dəmir dövrünə aid qalaça Vikipediyada

Son tunc-ilk dəmir dövrünə aid qalaça Vikipediyada

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli Vikipediyada son tunc-ilk dəmir dövrünə aid Leşkər qalaçası haqqında məqalə yaradıb.

X.Məmmədli BAYRAQDAR MEDİA-ya Leşkər qalaçası haqqında məlumat verib. O qeyd edib ki, sözügedən qalaça Gədəbəy rayonu, Daryurd kəndindən şərqdə, Dəlmə çayının sağ sahilində, Kiçik Qaramurad kəndi ərazisində yerləşən son tunc-ilk dəmir dövrünə aid siklopik tikili, arxeoloji abidədir: “Qalaça İsaq Cəfərzadə tərəfindən Dəlmə qalaçası kimi qeydə alınıb, Tükəzban Göyüşova tərəfindən isə Leşkər qalaçası adı ilə elmi dövriyyəyə salınıb. Abidədə arxeoloji tədqiqatlara 2009-cu ildə başlanılıb, müəyyən fasilələrlə 2021-ci ilə qədər davam etdirilib. Sonrakı illərdə də qalaçada tədqiqat işləri davam etdirilib. Qazıntı işləri zamanı abidə ərazisindən divar qalıqları, təsərrüfat quyuları, daş tikinti, otaq və s. müəyyənləşdirilib. Arxeoloji abidənin tədqiqi məqsədi ilə təxmini 500 m² ərazidə qazıntı işləri aparılıb. Qazıntılar zamanı mədəni təbəqənin qalınlığı 170-180 sm müəyyən edilib. Bütün bu qazıntılar zamanı saxsı qalıqları, heyvan sümükləri və s. artefaktlar tədqiq edilib”.

O həmçinin bildirib ki, bu ilin yayında ərsəyə gətirdiyi məqalədə Azərbaycanın tanınmış qadın arxeoloqlarından T.Göyüşovanın rolu böyükdür: “Bu qalaça T.Göyüşovanın tədqiqat işlərindəndir və mən onun mənə verdiyi materiallar əsasında məqaləni işləmişəm. Azərbaycandilli Vikipediya ilə yanaşı, qalaçanın ingilisdilli Vikipediyada da məqaləsini ərsəyə gətirmişəm, irəliləyən zaman dilimində digər dil ailələrində də məqaləsini ərsəyə gətirəcəm. Gələcək zamanda bir çox arxeoloji abidələrin Vikipediya səhifələrini işləmək planlarım arasındadır”.

Mission News Theme by Compete Themes.