Press "Enter" to skip to content

Tramp-Erdoğan görüşündə türk dünyası da diqqət mərkəzində olacaq

Əkbər Qoşalı

Əkbər Qoşalı: Türk dünyası ABŞ üçün həm mədəni-politik, həm strateji tərəfdaş ola bilər

BAYRAQDAR MEDİA – “ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Cümhrbaşqanı Recep Tayyip Erdoğan arasında Vaşinqtonda-Ağ Evdə gözlənilən görüş iki dövlətin biznes və hərbi anlaşmaları ilə yanaşı, həmçinin daha geniş bölgəsəl və qlobal strateji dəyişikliklərin əks-sədası kimi qiymətləndirilə bilər”.

Bunu BAYRAQDAR MEDİA-ya özə dəyərləndirməsində Beynəlxalq “Alaş” mükafatı laureatı, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib.

O, qeyd edib ki, “görüşlə, onu zəruri qılan səbəblərlə bağlı bəzi müəyyənliklər vardır: “Əvvəla, görüşdə ticarət və hərbi müqavilələr, o cümlədən “Boeing”, “F-16”, “F-35” kimi layihələr ön planda olacaq. İkincisi, Türkiyə bölgədə və uluslararası səviyyədə daha çox önəm qazanmaqdadır. Türkiyənin müdafiə sənayesi güclənir, enerji və daşımaçılıq mərkəzi roluna can atır. Daha bir vacib məqam odur ki, Çin və Rusiya ilə münasibətlərdə Türkiyə dəngə siyasəti yürüdür: iqtisadi işbirliyi, ticarət bağları artmaqdadır, amma strateji bağlılıqlar hələ müəyyən səviyyələrdə sınırlıdır”.

“Bəs ABŞ-ın Türkiyəyə ehtiyacı güclənibmi” suala cavabında müsahibimz aşağıdakıları bildirib: “Ehtimal ki, bəli. Gəlin bunun “niyələr”inə odaqlanmağa çalışaq. Bu planda, birincisi, strateji yerləşməni vurğulayaq. Türkiyə NATO üzvüdür, Yaxın Doğuya, Qafqaza, Türküstana, Aralıq dənizinə çıxışı olan ölkədir. Çinin və Rusiyanın geniş miqyaslı layihələri fonunda ABŞ üçün Türkiyənin bu bölgədə təsir yaratmaq, daşımaçılıq-davamlılıq zəncirləri və enerji yollarında ittifaqlarda oynamaq yetənəyi önəmlidir. İkincisi, enerji və təhlükəsizlik məsələləri gəlir. Qaz və enerji marşrutlarının şaxələndirilməsi, başqa sözlə, risklərin azaldılması üçün marşrut və ya bazarların çoxaldılması, üstəlik, Türkiyənin müdafiə sənayesində artım ABŞ-ın da marağına uyğundur. Türkiyənin özündə hava müdafiəsi sistemləri, milli tank, dron və s. texnologiyaların inkişafı artıq dışarıdan asılılığı azaltmaqdadır və bu, ABŞ-la danışıqlarda Türkiyəyə əlavə təsir imkanları verir. Üçüncüsü, çoxqütblü dünya və geosiyasi rəqabəti diqqətə alınmalıdır. Çin-Rusiya blokunun işbirliyi ABŞ-ın əsas geosiyasi rəqiblərindən biridir. Türkiyə kimi ortaq çıxarda olan ölkələrlə daha sıx işbirliyi, ABŞ-ın uluslararası dominantlığının daşıyıcılarından birini gücləndirmək deməkdir”.

Əkbər Qoşalının fikrincə, dördüncü amil, türk dünyası ilə işbirliyi imkanlarından irəli gəlir: “Türkiyə türk dünyası (ilk sırada, müstəqil dövlətlər olan Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan) ilə olan qardaşlıq bağlarını istifadə edərək, ABŞ-ın Qafqaz və Türküstan üçün, necə deyərlər, strateji əlçatanlığını artırmağa kömək ola bilər. ABŞ-Türkiyə işbirliyi bu baxımdan “Türk dünyası üzəri”ndən daha geniş geosiyasi planların hissəsi ola bilər. Sövq-təbii belə bir sual yaranır: görüşdə türk dünyasının qüvvətlənməsi Çin və Rusiya kontekstində müzakirə oluna bilərmi? Bəli, belə bir güman var, amma o da bir neçə şərtlə mümkün görünür. ABŞ üçün türk dünyası bir coğrafi bölgə olmaqla yanaşı, Çin-Rusiya arasında “aralıq bölgə” kimi dəyərlidir. Bu bölgədə ABŞ-ın rəqibləri daha az nüfuz sahibidir, amma Çinin “Bir kəmər, bir yol” təşəbbüsü layihələri və Rusiyanın Avrasiya strategiyaları bu yerlərdə fəal olmaq istəyir. Türk dünyası ABŞ üçün həm mədəni-politik, həm strateji tərəfdaş ola bilər”.

Ə.Qoşalı qeyd edib ki, türk dünyasının özü- Azərbaycan, Qazaxıstan və digər türk dövlətləri bölgədə güclənir: “Türkiyənin təşəbbüsləri, türk dövlətləri arasında infrastruktur, daşımaçılıq və enerji keçid yolları, mədəni bağlar artır. Bu güclənmə Çin-Rusiya-AB-Türkiyə dördbucağında maraq doğurur. Beləliklə, bu görüş bütün məziyyətləriylə yanaşı, türk dünyasının rolunun, Türkiyənin, ümumən türk dünyasının strateji önəminin ABŞ üçün getdikcə daha vacib olduğunu göstərir. Tramp-Erdoğan görüşü gələcəkdə türk dünyasının daha çox mərkəzə çəkilməsi, ABŞ-Türkiyə işbirliyinin yalnız hərbi-texniki deyil, həm strateji və “yumşaq güc” (mədəniyyət, dil, diaspor, təhsil və b.) sahələrinə də yönəlməsi üçün fürsət ola bilər”.

Mission News Theme by Compete Themes.