BAYRAQDAR MEDİA – Türkiyənin milli təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevlə birgə işğaldan azad edilmiş ərazilərdə olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “nümayəndə heyəti səfər çərçivəsində Şuşa şəhəri 1 nömrəli, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli və Ağdam şəhəri 1 nömrəli tam orta məktəbləri ziyarət edərək bu təhsil ocaqlarında yaradılmış müasir tədris mühiti ilə yaxından tanış olub. Y.Tekin Qarabağın sürətli bərpa və yenidənqurma prosesinin bir hissəsi kimi müasir təhsil infrastrukturunun qısa müddətdə təkmilləşdirilməsini yüksək qiymətləndirib. O, Şuşa, Füzuli və Ağdam məktəblərində şagirdlər üçün yaradılmış müasir şəraitin Azərbaycanın gələcək nəsillərinin yüksək bilik və bacarıqlara yiyələnməsinə xidmət etdiyini xüsusilə vurğulayıb”.





