BAYRAQDAR MEDİA – Almaniyanın Nürnberg şəhərində yerləşən Türk Tarixi və Mədəniyyətləri Muzeyində Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım İctimai Birliyinin həyata keçirdiyi “Qərbi Azərbaycan sənətkarlığı” layihəsinin Almaniya mərhələsi uğurla başa çatıb. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Birlikdən daxil olub.
Bildirilir ki, Azərbaycanın zəngin mədəni irsinin avropalılara tanıdılması məqsədi ilə 5 gün ərzində bu şəhərdə yerləşən Obyektiv Kültür Mərkəzində, Türk Tiyatrosunda, Mədinə dərnəyində müxtəlif tədbirlər keçirilib. Tədbirlər zamanı Azərbaycanın tanınmış tətbiqi sənət ustaları Lalə, Toğrul, İsgəndər Sərdarlıların əsərləri yerli sənətsevərlərə nümayiş etdirilib.
Qeyd edilir ki, burada əsasən onların hazırladığı mücrülər, digər dekorativ tətbiqi sənət nümunələri tanıdılıb. Tədbirlər çərçivəsində Türk Tiyatrosunun təşkilatçılığı ilə Azərbaycan-Türk musiqi gecəsi də keçirilib.

Layihənin Almaniya mərhələsinə həsr edilmiş tədbirlərə sonuncu İrəvan xanının varisi Əmir Əli Sərdari İrəvani də qatılıb. Tədbir iştirakçıları və ziyarətçilər Azərbaycanın zəngin mədəni irsini tərənnüm edən sənət nümunələrindən böyük zövq aldıqlarını bildirib, bu cür tədbirlərin daha geniş formatda, ənənəvi şəkildə keçirilməsini arzuladıqlarını deyiblər.
Almaniyada keçirilən bu silsilə tədbirlərin əsas təşkilatçılarından olan, Türk Tarixi və Mədəniyyətləri Muzeyinin qurucusu Cemaleddin Özdemir çıxışı zamanı bildirib ki, bu cür layihələr Almaniya və Azərbaycan arasında mövcud olan mədəni əlaqələrin daha da dərinləşməsinə, inkişaf etdirilməsinə böyük töhfələr verə bilər: “Bu gün burada Azərbaycanın qədim el sənəti ənənələrinin təbliğinin davamı olaraq Bakıda da alman xalqının sənət irsi nümunələrinin Sərdarlı ailəsinin yaradıcılığında tərənnüm edilməsi çox təqdirə layiq olar. Belə formatın yaradılması əminik ki, çox faydalı olacaqdır”.





