Dr. Yücel Karauz: Vaşinqton görüşündə həm Qafqaz, həm də Orta Doğu ilə bağlı mühüm məqamlar gündəmə gələcək
BAYRAQDAR MEDİA – “Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Türkiyə Cümhurbaşqanı R ecep Tayyip Erdoğan arasında keçiriləcək görüşdə region və qlobal aləm üçün maraq doğuran bir çox məsələlərin müzakirə ediləcəyi şübhəsizdir. Təbii ki, bu sırada F-35 və F-16-larla bağlı məsələlər də olacaq”.
Bunu BAYRAQDAR MEDİA-ya Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
O, qeyd edib ki, F-35 məsələsi daha çox siyasi xarakter daşıyır, F-16 ilə bağlı isə iqtisadi razılaşma əldə olunub. F-16-larla bağlı ilkin ödəniş də həyata keçirilib və bu istiqamətdə modernizasiya prosesi davam edir:“F-16 ilə bağlı proses artıq işə düşüb, müəyyən irəliləyişlərin olacağını düşünürəm. Burada əsas çətinlik qiymətin yüksək olmasıdır. Hazırda bu qiyməti bir qədər aşağı salmaq üçün danışıqlar aparılır. F-35 məsələsi isə tamamilə fərqlidir. Çünki bu, siyasi bir mövzudur. Başda Yunanıstan və İsrail olmaqla bəzi ölkələr Türkiyənin, hətta pulu ödəniş etmiş olsa belə, yenidən F-35 proqramına daxil olmasını istəmirlər və buna qarşı çıxırlar.”
Dr. Y.Karauz hesab edir ki, Tramp–Erdoğan görüşündə F-35 məsələsi də müzakirə oluna bilər, lakin qısa müddətdə konkret həll yolunun tapılacağına dair ümid böyük deyil:“F-35-lər məhz S-400-lərə qarşı hazırlanmış hərbi texnologiyadır. Türkiyənin S-400 sistemlərini alması bəhanə edilərək, Ankara proqramdan çıxarıldı. Bu, əslində bəhanə idi. Tramp bunu Bayden administrasiyasının Türkiyəyə qarşı etdiyi haqsızlıq kimi qiymətləndirir. Ancaq unutmaq olmaz ki, bu məsələdə D.Trampın şəxsi mövqeyindən daha çox, Pentaqonun baxışı həlledicidir. Buna görə də görüşlər zamanı F-35 mövzusunda ciddi bir irəliləyiş gözləmirəm.”
Türkiyəli general əlavə edib ki, D.Tramp hər bir məsələni ilk növbədə iqtisadi maraqlar prizmasından qiymətləndirir:“Donald Tramp təbiətcə tacirdir və bütün məsələlərə iqtisadi qazanc baxımından yanaşır. Türkiyə isə həm iqtisadiyyat, həm də özünə lazım olan silah sistemlərinin əldə olunması, embarqoların aradan qaldırılması və regional-siyasi məsələlərin müzakirəsi üçün bu görüşdən yararlanmaq istəyir.”
Dr. Y.Karauz hesab edir ki, Türkiyənin gündəmində Orta Doğu, Doğu Akdeniz, Mavi Vətən, Rusiya–Ukrayna müharibəsi, Güney Qafqazdakı vəziyyət və sülh məsələsi dayanır: “Xüsusilə Zəngəzur dəhlizinin açılması region ölkələri üçün barış, sabitlik və iqtisadi inkişaf deməkdir. Türkiyə çalışacaq ki, D.Tramp Ermənistan üzərinə daha çox təzyiq göstərsin və nəhayət ki, yekun sülh sazişinin imzalanmasına nail olunsun. Mən bunun müsbət nəticələnəcəyini düşünürəm. Çünki 2020-ci ilin noyabrından bəri Ermənistan artıq 5 il vaxt qazandı, manevrlər etdi. Bundan sonra yeni 5 il üçün nə vaxt, nə də fürsət var.”
General Suriyadakı vəziyyətə də toxunaraq bildirib ki, Türkiyə bu ölkənin parçalanması ehtimalından ciddi narahatdır:“Birləşmiş Ştatlar və Avropa ölkələri bütöv Suriyanın bərpasına kifayət qədər dəstək vermirlər. Vaşinqton görüşündə bu məsələ də müzakirə olunacaq.. Digər tərəfdən, heç şübhəsiz ki, İsrailin Qəzzadakı hərbi əməliyyatları nəticəsində yaranan humanitar fəlakət də gündəmdə olacaq. Yəni, Trampla görüşdə bu məsələdə də Türkiyənin mövqeyi ortaya qoyulacaq və ABŞ-ın İsrailə “dayan” deməsini istəniləcək.”
Nəticə olaraq, general Yücel Karauz hesab edir ki, Erdoğan–Tramp görüşündə həm Qafqaz, həm də Orta Doğu ilə bağlı mühüm məqamlar gündəmə gələcək.





