Əli Orucov: Bu görüşdən və aparılan müzakirələrdən sonra dünyanın yenidən dizayn edilməsi və qüvvələr balansının müəyyən edilməsinə aydınlıq gətiriləcək
BAYRAQDAR MEDİA – “ABŞ Prezidenti Donald Trampla Türkiyə Cümhurbaşqanı Recep Tayyip Edoğanın Birləşmiş Ştatlarda nəzərdə tutulan görüşü dünya gündəminin əsas mövzularından biridir. Bu görüşdən və aparılan müzakirələrdən sonra dünyanın yenidən dizayn edilməsi və qüvvələr balansının müəyyən edilməsinə demək olar ki, aydınlıq gətiriləcək”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında siyasi şərhçi Əli Orucov deyib.
O, qeyd edib ki, Türkiyənin son dönəmlər artan nüfuzu və beynəlxalq münasibələr sistemində oynadığı önəmli rolu, hərbi və siyasi gücü bu dövləti söz sahiblərindən birinə çevrib: “Xüsusən də münaqişələrə yanaşma tərzi sülpərvər qüvvələrin Ankaraya inamını daha da artırıb. Ukrayna-Rusiya müharibəsinin durdurulmasında və Yaxın Şərqdəki mürəkkəb vəziyyətin, münaqişələrin aradan qaldırılması istiqamətində Türk diplomatiyası aktiv iş aparır. Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əldə olunmasında, türk dünyasının inteqrasiyasında Ankara öz əvəzolunmaz töhfəsini verməkdədir”.
Ə.Orucov bildirib ki, bu görüşdə mətbuata məlumat verildiyi kimi təkcə ticari və müdafiə məsələləri deyil, planetimizi narahat edən problemlərin də ələ alınacağı gözlənilir: “Co Bayden dönəmində yürüdülən yanlış siyasət Ankara-Vaşinqton əlaqələrinə xeyli ziyan vurdu. İki hərbi-strateji müttəfiq arasında zaman-zaman gərgin durum da yaşandı. Hədəf götürülən 100 milyardlıq ticarət dövriyyəsinə çatılmadı. Türkiyənin lahiyyəsində iştirakçı və maliyyələşdirdiyi F-35 təyyarələrinin tədarükünə məhdudiyyət qoyuldu. Bunlar azmış kimi Ağ Evin Ankaraya haqsız basqıları nəticə verməsə də Birləşmiş Ştatların maraqlarına xələl gətirdi. İsrail-Fələstin müharibəsi, həmçinin Təl-Əvivin davakar və təhrikçi addımları da şübhəsiz ki, prezidentlərin görüşünün gündəliyində olacaq”.
Siyasi şərhçi görüşdən gözlənilən bir məqama da toxunub: “Təbii ki, Türkiyənin hərbi-siyasi, iqtisadi gücünün artması türk dünyasının da gücünə güc qatılması anlamını verir. ABŞ və Türkiyə prezidentlərinin qarşılıqlı maraq doğuram məsələlər ətafında razılığa gəlmələri yeni bir dönəmin başlanğıcını qoya bilər və beynəlxalq sülhə təkan verərdi. İsrailin hərəkətləri Türkiyənin də təhlükəsizliyinə risklər yaradır və proseslərin bu cür inkişafı dünyanın iki güclü ordusunun toqquşma ehtimalını artırır. Türk dünyasında lokomotiv rol oynayan Ankaranın toqquşmaya cəlb edilməsi güc mərkəzinə çevrilməkdə olan TDT-nin gələcək taleyinə də ciddi təsir göstərə bilər. Təbii ki, bu görüşü Rusiya və Çin də səbrsizliklə izləyəcək. Çünki Ankaranın Çinin patronajlığı altında qurulan ŞƏT və BRİKŞlə yaxınlaşması Pekinin maraqlarına da uyğundur. Türkiyənin hansı qütbdə olması dünya nizamında səngərləri ciddi şəkildə pozur. Onu da nəzərə alsaq ki, Orta Asiya türk dövlətləri də adlarını sadaladığımız qurumlara can artmaqdadır və bu istiqamətdə təşəbbüslər də artır. Demək, Ankaranın mövqeyi həmin təşəbbüslərin sürətini artıra bilər. Odur ki, Tramp-Erdoğan görüşünün tarixil və önəmli bir hadisə olacağını söyləyə bilərik. Onu da əlavə edim ki, Ankara və Vaşinqton hər nə qədər müttəfiq olsalar da bir sıra məsələlərdə, xüsusən də Yaxın Şərqlə, İsraillə bağlı ciddi fikir ayrılıqları mövcuddur. Bu fonda təbii ki, danışıqlar elə də asan keçməyəcək”.





