BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyində (SN) Albaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Besart Kadia ilə görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev iki ölkə arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Nazir dövlət başçılarının görüşlərinin və əldə olunan razılaşmaların Azərbaycan-Albaniya münasibətlərini daha yüksək səviyyəyə qaldırdığını vurğulayıb”.
Daha sonra xəbərdə bildirilir ki, “T.Musayev həmçinin, iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur. Bundan əlavə, müalicəvi turizm sahəsində də əməkdaşlıq potensialın olduğu diqqətə çatdırılıb. Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib”.
Öz növbəsində B.Kadia dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq iki ölkə arasında dostluq münasibətlərinin mövcudluğunu qeyd edib.
Diplomat həmçinin ölkəsinin Azərbaycan ilə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu ifadə edib.
Sonda tərəflər digər qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparıblar.





