BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun müdiri Sevinc Məmmədova tərəfindən Dövlət Turizm Agentliyinin əməkdaşları üçün “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzusunda təlim keçirilib.
DİM-in məlumatına görə, təlim zamanı iştirakçılara səriştə anlayışı və onun əsas elementləri izah edilib: “Ardınca inkişaf və məhsuldarlığın idarə edilməsi mövzusu təqdim olunub, müxtəlif qiymətləndirmə alətləri haqqında məlumat verilib, düzgün göstəricilərin müəyyən olunmasının əhəmiyyəti vurğulanıb. Liderlik üslubları və uğurlu rəhbərliyin meyarları müzakirə olunub. Dünyada tətbiq olunan məşhur modellərə əsasən qərarvermə üsulları, transformasiya liderliyinin əsas xüsusiyyətləri və uğursuz liderliyə gətirə biləcək səbəblər təqdim edilib. Rol oyunları vasitəsilə iştirakçılar müxtəlif liderlik üslublarını tətbiq etməyi sınaqdan keçiriblər”.
Sonda iştirakçıların sualları cavablandırılıb, davranış strategiyaları və həll yolları müzakirə olunub.





