BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin Doğu Anadolu bölgəsindəki universitetlərin rektorlarının və İğdır Azərbaycan Evinin rəhbərinin daxil olduğu Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Komitədən məlumat verilib.
Məlumata görə, qonaqları səmimi salamlayan Fuad Muradov Azərbaycan və Türkiyə prezidentlərinin dostluq münasibətlərinin xalqlar və millətlər arasındakı mövcud bağları daha da möhkəmləndirdiyini, bütün sahələrdə birgə fəaliyyətə stimul verdiyini qeyd edib: “Komitənin həyata keçirdiyi layihələrin, xüsusilə Şərqi Anadoluda reallaşan layihə və görüşlərin müsbət nəticələri barədə məlumat verilib, ali məktəblərlə səmərəli əməkdaşlığın, elm adamlarının yetişdirilməsinin və üzə çıxarılmasınınvacibliyindən danışılıb. Dövlət başçısının Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayındakı tarixi nitqində səsləndirdiyi “Əlbəttə, biz hamımız – Azərbaycanda yaşayan azərbaycanlılar istəyirik ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olsunlar” fikrini xatırladan komitə sədriəslən Qərbi Azərbaycandan olan, hazırda Şərqi Anadoluda yaşayan soydaşlarımızla bağlı həyata keçirilən layihələrə, onlarla görüşlərə diqqət çəkib”.
Məlumatda deyilir ki, səmimi qəbula görə təşəkkür edən qonaqlar Azərbaycanda olmaqdan məmnunluq duyduqlarını, bu səfərin onlar üçün böyük əhəmiyyət daşıdığını dilə gətirib, səfərə göstərilən dəstəyə görə minnətdarlıqlarını bildirib, eyni dil, din və mədəniyyət daşıyıcısı olmağımızınüstünlüklərindən danışıblar: “Müxtəlif ali məktəblərin rektorları Şərqi Anadolu bölgəsində yaşayan azərbaycanlıların Türkiyənin elm və mədəniyyətinə böyük töhfələr verdiyini, heç bir assimilyasiyaya məruz qalmadan cəmiyyətin ayrılmaz parçasına çevrildiyini deyiblər. Nümayəndə heyətinin üzvləri bu günə qədər həyata keçirilən layihə və görüşlərin əhəmiyyətinə diqqət çəkib, səmərəli tərəfdaşlığın davam etdirilməsinin vacibliyini söyləyiblər”.
Görüşdə türk dövlətlərinin vahid diasporunun yaradılması, Azərbaycan və Türkiyənin “yumşaq güc”ünün daha da möhkəmlənməsi, DİDK-nın Türkiyədə yaşayan azərbaycanlılarla əlaqələrinin intensivliyi, universitetlərlə ortaq layihələrin həyata keçirilməsi, Doğu Anadoluda yaşayan azərbaycanlıların ali təhsilə maraqlarının artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin yaxın vaxtlarda Doğu Anadoluda yaşayan azərbaycanlı gənclərinin forumunun keçirilməsinin də planlaşdırıldığı bildirilib.
Qonaqlara İğdır Azərbaycan Evinin uğurlu fəaliyyəti haqqında danışılıb və ümumilikdə 20 ölkədəki 31 Azərbaycan Evinin xaricdə yaşayan soydaşlarımızın birliyinin möhkəmlənməsi, onların ana dilini, milli adət-ənənələri qoruyub saxlamaları üçün yeni imkanlar yaradan əhəmiyyətli platforma olduğu diqqətə çatdırılıb.
Bir neçə gün ölkəmizdə səfərdə olacaq Türkiyə nümayəndə heyətinin Qarabağın müxtəlif bölgələrinə səfərləri, regionun nüfuzlu ali məktəblərindən olan Qarabağ Universitetinin kollektivi ilə görüşləri də nəzərdə tutulur.





