Press "Enter" to skip to content

Azərbaycanda kasetli silahların yaratdığı təhlükələr araşdırılıb

Layihə çərçivəsində kasetli silahlarla çirklənmiş ərazilərin monitorinqi aparılıb

233 mülki şəxs kasetli silah qurbanı kimi qeydə alınıb

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin icra etdiyi “Azərbaycan Respublikası ərazisində kasetli sursatlar probleminin tədqiqi” layihəsi çərçivəsində Dəyirmi Masa tədbiri təşkil edilib.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Məlumata görə, Azərbaycanda kasetli sursatlar probleminin miqyası və zərərçəkənlərin vəziyyətinin müzakirəsi məqsədilə təşkil olunan tədbirdə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” (MƏAK İB) ictimai birliyinin sədri Hafiz Səfixanov ölkə ərazisində kasetli sursatlarla bağlı aparılan təhqiqatın nəticələrini açıqlayıb.

Onun sözlərinə görə, 1992–2025-ci illəri əhatə edən layihə işğaldan azad olunmuş bütün ərazilərdə (Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Şuşa, Xocavənd, Xocalı, Ağdam, Kəlbəcər, Ağdərə, Xankəndi), keçmiş cəbhə xəttinə yaxın olan rayonlarda, həmçinin Mingəçevir, Yevlax, Bərdə və Ermənistanla sərhədyanı bölgələrdə həyata keçirilib: “Layihə çərçivəsində kasetli silahlarla çirklənmiş ərazilərin monitorinqi aparılıb, zərərçəkənlərin müəyyənləşdirilməsi, infrastruktur layihələrinə təsirləri, eləcə də ANAMA və müvafiq qurumlarla əməkdaşlıq nəticəsində faktların toplanması təmin olunub. 56 gün ərzində aparılan çöl monitorinqlərinin nəticələri əsasında Azərbaycan və ingilis dillərində hesabat hazırlanıb”.

Tədbirdə məsələ ilə bağlı faktlar açıqlanıb. Bildirilib ki, “1992–2025-ci illərdə aparılan araşdırmalar nəticəsində 233 mülki şəxs kasetli silah qurbanı kimi qeydə alınıb. Nəticədə, 51 nəfər (8-i uşaq, 13-ü qadın) həlak olub, 182 nəfər (34-ü uşaq, 47-si qadın) müxtəlif dərəcəli xəsarət alıb. Bundan başqa, 21 hərbçi də kasetli silah qurbanı olub (2-si həlak olub, 19-u yaralanıb). Ən kiçik qurban 5 yaşlı uşaq, ən yaşlısı isə 78 yaşlı şəxsdir. Zərərçəkənlərin əksəriyyəti ağır yaralarla yanaşı psixoloji travma, depressiya və posttravmatik stress pozuntularından əziyyət çəkir”.

Hafiz Səfixanov bildirib ki, kasetli sursatlar nəticəsində fərdi evlər, nəqliyyat vasitələri, Mingəçevir İstilik Elektrik Stansiyası, hətta Bakı–Tbilisi–Ceyhan neft kəmərinin keçdiyi ərazi belə zərər görüb. Bu isə həm insan həyatına, həm də ölkənin iqtisadi və ekoloji təhlükəsizliyinə ciddi təhdid yaradıb. Qurbanların tibbi, psixoloji və sosial reabilitasiyaya, peşə hazırlığına və məşğulluq imkanlarına böyük ehtiyacı var.

Mission News Theme by Compete Themes.