BAYRAQDAR MEDİA – Hər il sentyabrın 28-də qlobal səviyyədə Dünya Xəbər Günü qeyd edilir. Bu Gün çərçivəsində kampaniya təşkil edilir, doğru xəbər, faktlar və jurnalistikaya diqqət çəkilir. Artıq iki ildir ki, Azərbaycan da bu kampaniyada iştirak edir.
2024-cü ildə olduğu kimi 2025-ci ildə də BAYRAQDAR MEDİA Azərbaycanın tək media qurumu olaraq Dünya Xəbər Günü kampaniyasına qoşulub. Dünyanın 100-dən artıq ölkəsindən bir min civarında aparıcı media qurumunun qatıldığı kampaniyanın əsas məqsədi sağlam jurnalistikaya diqqət çəkmək olub. Kampaniya 23-28 sentyabr aralığında davam edib.
Bildirilir ki, kampaniyada dünyanın ən aparıcı media qurumları – The Globe and Mail, The New York Times, The Asahi Shimbun, Gazeta Wyborcza, Süddeutche Zeitung, Financial Times, Hindustan Times, The Jakarta Post, Korea Joong Ang Daily, El Pais, Frankfurter Allgemeine ilə bərabər Azərbaycandan BAYRAQDAR MEDİA da iştirak edib.
Qeyd edək ki, kampaniyanı ilkin olaraq Dünya Redaktorlar Forumu, Kanada Jurnalistika Fondu və Project Kontinuum təşkil edib. Sonrakı mərhələdə təşkilatçılara İctimai Maraq Mediası Beynəlxalq Fondu və Beynəlxalq Kommunikasiya Şəbəkəsi də qoşulub.
Onu da əlavə edək ki, BAYRAQDAR MEDİA MDB məkanından kampaniyaya qoşulan yeganə media qurumudur.





