Press "Enter" to skip to content

Bolqarıstanlı tədqiqatçı MEK-də

Bolqarıstanlı tədqiqatçı MEK-də

BAYRAQDAR MEDİA – Bolqarıstanın Yepiskop Konstantin Preslavski adına Şumen Universitetinin doktorantı, Almaniyanın Azad Berlin Universitetinin tədqiqatçısı Salih Sevarski AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd olunur ki, “qonağı institutun rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev qarşılayıb. Görüş zamanı O.Quliyev qonağa MEK-in tarixi, zəngin fondu, rəqəmsallaşdırma imkanları və oxucular üçün yaradılmış müasir şərait barədə geniş məlumat verib”.

Daha sonra xəbərdə, “S.Sevarski öz elmi fəaliyyətindən bəhs edərək bildirib ki, hazırda K.Preslavski adına Şumen Universitetinin Türk dilləri kafedrasının Osmanlı bölümü üzrə “Haydarinin şeirinə analitik yanaşma” mövzusunda tədqiqat aparır. Araşdırmalar zamanı Haydari poeziyasında Füzuli və Nəsiminin təxmis ənənələri ilə səsləşən cizgilər aşkar olunub ki, bu da Balkanlarda klassik Azərbaycan poeziyasının təsirini öyrənmək baxımından əhəmiyyətlidir. O bildirib ki, Bakıya səfərinin əsas məqsədi füzulişünas və nəsimişünas alimlərlə görüşərək yeni məlumat toplamaq, onların bilik və təcrübəsindən yararlanmaq və klassik Azərbaycan poeziyasının seçilmiş nümunələrini bolqar dilinə tərcümə etməkdir”.

Kitabxananın fəaliyyəti ilə yaxından tanış olan qonaq, öncə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu, buradakı guşələr, toplanan dəyərli nəşrlər haqqında ətraflı məlumat alıb. Sonra qonaq AMEA-nın təsisçilərinin büstləri, zəngin kolleksiyaların saxlandığı Akademiklər kitabxanası, eləcə də Diplomatik fondda müxtəlif ölkələrin diplomatik nümayəndəliyi tərəfindən MEK-ə hədiyyə edilən kitablardan ibarət guşə, Nadir kitablar və Xarici dillərdə ədəbiyyat fondu ilə tanış olub.

S.Sevarski göstərilən diqqətə görə MEK rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Sonda S.Sevarski xatirə kitabına ürək sözlərini yazıb. Xatirə şəkli çəkilib.

Mission News Theme by Compete Themes.