Press "Enter" to skip to content

“Moldova cəbhəsi”ndə Rusiyaya ağır zərbə

Nadir Azəri

Moldovalı seçicilər Kremlin işğalçılıq siyasətinin tərəfdarlarına dəstək vermədilər

BAYRAQDAR MEDİA – Hazırda qlobal məkanda baş verən hər bir siyasi proses, atılan hər bir addım təkcə yaxın ətrafı deyil, bütünlükdə dünyanı maraqlandırır, yaxud da narahat edir. Bu baxımdan 3 milyondan çox seçicinin olduğu Moldovada sentyabrın 28-də keçiirlən növbəti parlament seçkiləri də xüsusi olaraq izlənilirdi. Çünki bu seçkilərin nəticəsi təkcə Moldovanın daxili siyasətinə deyil, ümumilikdə dünyaya təsir edə bilərdi. Təbii ki, Kreml tərəfdarları qalib gəlsəydi. Lakin sevindirici haldır ki, bu qorxulu qalibiyyət baş vermədi. Moldovalı seçicilər Rusiyanın işğalçılıq siyasətini dəstəkləyənlərə dəstək vermədilər.

Beləliklə, seçkilər başa çatıb. Moldova Mərkəzi Seçki Komissiyası bülletenlərin 99,91 faizini hesablayıb. Bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının rəsmi saytında məlumat verilib.

Məlumata görə, 52,20 faiz seçicinin iştirak etdiyi seçkilərin mütləq qalibi Prezident Maya Sandunun partiyasıdır. Belə ki, hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) 50,16 Rusiyaprərəst, V.Putinin işğalçılıq siyasətinə dəstəyi ilə seçilən “Vətənpərvərlər Bloku” isə 24,19 faiz seçicinin etimadını qazana bilib. Bundan başqa, Alternativ Blok – 7,97 faiz, Daxildə demokratiya – 6,20 faiz, Bizim partiya – 5,62 faiz səs toplayıb. Yerdə qalan partiya və bloklar 1 faizdə də az səs toplayblar.

Bu seçkilərdə mübarizə Batıyönümlü və Rusiyayönümlü qüvvələr arasında gedirdi. Moldovada hakimiyyətdə olan PAS partiyası liberal-mühafizəkar olaraq tanınır. Partiya Avropa Birliyi və NATO tərəfdarıdır. Onun qurucusu Maya Sandu 2020-ci ildən Moldova Prezidenti vəzifəsini icra edir.

M.Sandu əvvəllər Rusiyanı Moldovada çevriliş planlaşdırmaqda ittiham etmişdi. Onun fikrincə, ölkənin üzləşdiyi “ən böyük təhlükə” sayılan Rusiyaya qarşı yeganə qorunma yolu AB-yə üzv olmaqdır. Moldova 2014-cü ildə AB ilə Assosiasiya Sazişi imzalayıb. M.Sandunun rəhbərlik etdiyi hökumət 2022-ci ildə AB-yə üzvlük üçün rəsmi müraciət edib və qısa müddət sonra ölkəyə namizəd statusu verilib. 2024-cü ilin oktyabrında keçirilmiş konstitusiya referendumu zamanı AB-yə qoşulmaq barədə səsvermədə 50,39 faiz seçici “hə” deyib.

Hamısı Rusiya tərəfdarı hesab edilən müxalifətin bəlli kəsimi isə seçkilərə “Moldovanın Ürəyi”, “Moldovanın Gələcəyi” və Kommunist Partiyasını birləşdirən “Vətənpərvər Seçki Bloku” adı altında qatılmışdı. PAS-ın digər rəqibi isə Alternativ Blokdur. Bu blok “Milli Alternativ Hərəkatı”, Moldova İnkişaf və Konsolidasiya Partiyası və “Vətəndaş Konqresi – Birgə Fəaliyyət Partiyası”nı birləşdirir.

Ümumiyyətlə, parlamentdəki 101 yer uğrunda 14 siyasi partiya, 4 siyasi blok və 4 müstəqil namizəd mübarizə aparırdı. Seçkiyə qatılan partiyalar 5, partiya koalisiyaları 7, müstəqil namizədlər isə 2 faizlik barajı keçəcəkləri təqdirdə parlamentdə yer əldə edə biləcəkdilər.

V.Putinın komandası seçki öncəsi bütün gücünü işə salmışdı ki, Moldovada kommunist və sosialistlərdən ibarət “Vətənpərvərlər Bloku” qalib gəlsin. Əgər bu baş verərdisə o zaman Kreml Moldovada da öz qoşunlarını yerləşdirərək, Ukraynaya və ümumilikdə Batıya qarşı üstün mövqe əldə edəcəkdi. Lakin göründüyü kimi Moskvanın bu arzusu “gözündə qaldı”.

Mission News Theme by Compete Themes.