BAYRAQDAR MEDİA – Akdeniz Universiteti Gözəl Sənətlər Fakültəsinin tələbələri “Rəngli divarlar, xoşbəxt uşaqlar” layihəsi çərçivəsində Akdeniz Universiteti Tibb Fakültəsi Uşaq Sağlamlığı və Xəstəlikləri Anabilim Dalı Ümumi Pediatriya Xidmətində müalicə alan uşaqlara mənəvi dəstək olublar.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata əsasən, layihə Gözəl Sənətlər Fakültəsi Kino-TV Bölməsindən müəllim Dr. Ayşen Oluk Ersümer və Rəsm Bölməsindən müəllim Sabriye Öztütüncü rəhbərliyində, Tibb Fakültəsinin dəstəyi və Qrafika ilə Moda və Tekstil Dizaynı bölmələrinin tələbələrinin iştirakı ilə həyata keçirilib.
Layihə çərçivəsində 12 tələbə uşaqların müalicə olunduğu xidmətin divarlarını rəngarəng rəsmlərlə bəzəyərək onlara psixoloji dəstək göstərməyi hədəfləyib. Layihə komandası bildirib ki, çəkilən rəsmlərlə uşaqların müalicə prosesinə mənəvi güc qatmaq və xəstəxana mühitini daha şən hala gətirmək əsas məqsədləri olub.





