BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti “Huawei Technologies Co, LTD” şirkətinin rəsmi dəvəti ilə Çində rəsmi səfərdədir. Azərbaycanın bir sıra universitetlərinin də təmsil olunduğu səfər çərçivəsində yüksək texnologiyalar, süni intellekt və ali təhsildə innovasiyalar sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “nümayəndə heyəti dünyada texnologiyalar şəhəri kimi tanınan Shenzhendə ““Huawei” Korporativ Biznes Sərgi Zalı”nı və “5G və Süni İntellekt Sərgi Zalı”nı ziyarət edib, şirkətin təqdim etdiyi qabaqcıl texnologiyalarla tanış olub. Ziyarət zamanı süni intellekt, 5G və 5G-A, bulud texnologiyaları və smart şəhər həlləri sahəsində şirkətin tətbiqləri barədə ətraflı məlumat verilib, yüksək texnologiyaların, süni intellektin təhsil və tədqiqat sahələrində tətbiqi imkanları nümayiş etdirilib”.
Daha sonra xəbərdə, “səfər çərçivəsində BDU və “Huawei” şirkəti arasında memorandum (MOU) imzalanıb. Əməkdaşlıq çərçivəsində Universitetin tələbələri və tədqiqatçıları üçün texnologiya və innovasiya sahəsində təlim və təcrübə proqramlarının həyata keçirilməsi, BDU-nun müvafiq fakültələrində süni intellekt və informasiya-kommunikasiya texnologiyaları üzrə birgə tədqiqatların aparılması, smart texnologiyalar və 5G infrastrukturu sahəsində tədris və laboratoriya imkanlarının genişləndirilməsi, həmçinin gələcəkdə birgə innovasiya mərkəzlərinin yaradılması və startap ekosisteminin dəstəklənməsi nəzərdə tutulur” deyə bildirilir.
Səfər çərçivəsində nümayəndə heyəti Çinin Dongguan şəhərində yerləşən “Huawei” Tədqiqat və İnkişaf Kampusunda, Dongguan Texnologiya Universitetində və Qlobal Kibertəhlükəsizlik Transparant Mərkəzində də görüşlər keçirəcək.





