Press "Enter" to skip to content

Elektrik avtobus istehsalı layihəsi uğurla davam etdirilir

Avtobuslar

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Prezidentinin 2023-cü ildə imzaladığı “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Sərəncama uyğun olaraq ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinin istehsalı və istifadəsi genişləndirilir. Artıq Sumqayıt Sənaye Parkında yerləşən “Azerbaijan Energy Automotive Factory”də (AEAF) istehsal prosesinə başlanılıb və artıq ilk avtobuslar SKD üsulu ilə yığımdan çıxıb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “ilk tam elektrik avtobusun “BakuBus” MMC-yə təqdim edilməsi ilə bağlı keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Çinin Azərbaycandakı səfiri Lu Mey, “BYD” şirkətinin baş direktoru Tian Çunlonq, “BakuBus” MMC-nin direktoru Şahin Həsənov və digər aidiyyəti şəxslər iştirak edib. Çıxışlarda layihənin nəqliyyat sektorunda yeni mərhələnin başlanğıcı olduğu, sənaye potensialını, texnologiya transferini və insan kapitalını gücləndirdiyi vurğulanıb. Bildirilib ki, bu, Azərbaycanın yaşıl enerji və yaşıl nəqliyyat siyasətinin mühüm hissəsidir və Azərbaycan-Çin əməkdaşlığının uğurlu nümunəsidir”.

Qeyd edilib ki, ilk istehsal olunan 12 metrlik avtobus 82 sərnişin tutumuna malikdir və bir dəfə şarjla 350 km məsafə qət edə bilir. Gələcəkdə müxtəlif tutumlu modellərin, həmçinin paralel olaraq yük, kommunal və minik avtomobillərinin istehsalı istiqamətində təşəbbüslər reallaşdırılacaq: “Bu təşəbbüslər Azərbaycanın regionda ekoloji təmiz və dayanıqlı nəqliyyat sahəsində mövqeyini gücləndirir. Qeyd edək ki,“Azerbaijan Energy Automotive Factory”İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin inkişafı Fondunun, “SARDA Group” və “BYD”nin birgə təşəbbüsü ilə yaradılıb”.

Mission News Theme by Compete Themes.