BAYRAQDAR MEDİA – Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) çərçivəsində “İqlimə Davamlı Aqrobiznes: Strategiyanın, investisiyanın və siyasətin uzlaşdırılması” mövzusunda dəyirmi masa keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev bildirib ki, iqlim dəyişikliyi həyatın bütün sahələrinə təsir etdiyi kimi, yeni çağırışlar və imkanlar da yaradır. İqlim dəyişikliyinin aqrar sahədə fəaliyyətə çətinliklərə səbəb olduğunu deyən M.Babayev qeyd edib ki, iqlimə uyğunlaşma ilə yanaşı, yeni çağırışlar fonunda yaranan imkanlar dəyərləndirilməlidir. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, iqlim dəyişikliyi təkcə ekoloji deyil, həm də sosial-iqtisadi məsələdir. İqlim dəyişikliyinin daha çox aqrar sahəyə təsir etdiyini deyən M.Məmmədov vurğulayıb ki, iqlim dəyişikliyi risklərini azaltmaq, su və topraq resurslarından səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşmaya ehtiyac var. Nazir əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatının müasir və rəqəmsal kənd təsərrüfatına çevrilməsi, kənd yerlərinin inkişafı məqsədilə ardıcıl və sistemli tədbirlər görür, aqrar sahədə dövlət dəstəyi tədbirləri genişləndirilir”.
Tədbirdə çıxış edən natiqlər fermerlərə dəstək alətləri və sahibkarlıq təşəbbüslərinin genişləndirilməsi, maliyyə əlçatanlığının təmin olunması, aqrar sahəyə investisiya və digər məsələlər barədə fikirlərini bölüşüb, aqrar sahənin inkişafı ilə bağlı təkliflər səsləndiriblər.





