Press "Enter" to skip to content

MÜSİAD Azərbaycan üzvlərinin III görüşü

Rəşad Cabirli çıxış edərkən

BAYRAQDAR MEDİA – MÜSİAD Azərbaycan İstehsalat və Ticarət, Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyalarının birgə təşkilatçılığı ilə MADO restoranında üzvlərin III “#BirvəBərabər” adlı netvörkinq görüşü olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya MÜSİAD Azərbaycandan məlumat verib.

Görüş zamanı
Görüş zamanı

Məlumata görə, tədbirdə MÜSİAD Azərbaycan İdarə Heyəti, dərnək üzvləri, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşavirləri və kənd təsərrüfatı müşaviri iştirak ediblər: “Açılış nitqi ilə çıxış edən MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli təşkilatın son aylardakı fəaliyyəti, həyata keçirilən layihələr və strateji hədəfləri barədə məlumat verib. O, gənc sahibkarların iş dünyasına hazırlanması məqsədilə təsis olunan və hazırda 39 nümayəndəliyi, 4500-dən artıq üzvü olan Gənc MÜSİAD tərəfindən bu ilin oktyabr ayında keçiriləcək EYBF – Gənc Sahibkarlar Biznes Forumuna hazırlıq işlərinin davam etdiyini bildirib. Forumda 30 ölkədən 150 gənc sahibkarın iştirak edəcəyi vurğulanıb”.

Rəşad Cabirli, həmçinin Şuşa Bəyannaməsinə istinad edərək Azərbaycan və Türkiyə arasında mövcud strateji tərəfdaşlığın iqtisadi münasibətlərə müsbət təsirini qeyd edib və iki ölkə arasında illik 15 milyard dollarlıq ticarət həcmi hədəfinə yaxın vaxtlarda nail olunacağına inamını ifadə edib.

Məlumatda deyilir ki, çıxış edən Türkiyə səfirliyinin ticarət üzrə baş müşaviri Murat Yaman iki ölkə arasında ticarət və investisiya əməkdaşlığının son illərdə sürətlə inkişaf etdiyini, türk şirkətlərinin Azərbaycanda tikinti, tekstil, qida, səhiyyə və xidmət sahələrində uğurla fəaliyyət göstərdiyini, eyni zamanda azərbaycanlı sahibkarların Türkiyə bazarına çıxış imkanlarının genişləndiyini qeyd edib.

Səfirliyin kənd təsərrüfatı müşaviri Hakan Kalender isə Türkiyə–Azərbaycan iqtisadi əlaqələrinin inkişafı və sərmayə layihələrinin tanıdılması istiqamətində media ilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşə sponsorluq edən, MÜSİAD Azərbaycan üzvü, Peynirci Baba şirkətinin Direktorlar Şurasının sədri Xaqani İbrahimov bu cür tədbirlərin iş adamları arasında əlaqələrin möhkəmləndirilməsinə və yeni əməkdaşlıqların qurulmasına töhfə verdiyini bildirib.

Daha sonra MÜSİAD Azərbaycan ailəsinə yeni qoşulmuş Homm Bitkisel MMC, Giometric MMC və Hilal Travel MMC şirkətlərinin nümayəndələri öz fəaliyyət istiqamətləri barədə ətraflı məlumat veriblər.

Rəsmi hissənin ardından iştirakçılar arasında qarşılıqlı tanışlıq, fikir mübadiləsi və əməkdaşlıq imkanlarının müzakirə olunduğu netvörkinq görüşləri keçirilib.

Mission News Theme by Compete Themes.