Press "Enter" to skip to content

“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə”

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində növbəti tədbirini Neftçalada keçirilib. Rayonda yerləşən İnteqrasiya təlimli internat tipli gimnaziyada keçirilən tədbiri layihə rəhbəri, təşkilatın sədri Elnurə Abuşova açıb.

İctimai Birlikdən verilən məlumata görə, layihə rəhbəri vurğulayıb ki, hər bir qız uşağı təhsildən kənarda qaldıqda, əslində bütün cəmiyyət bir addım geri atmış olur: “Biz istəyirik ki, hər bir qız öz arzularına, istedadına sahib çıxsın, sabahın həkimi, müəllimi, mühəndisi, elm adamı olsun. Onların üzündəki işıq bizim gələcəyimizin işığıdır”.

Sonra E.Abuşova layihənin əsas məqsədi barədə danışıb.

Daha sonra çıxış üçün söz Mediasiya Şurasının Salyan rayonu üzrə nümayəndəsi, Salyan 1 saylı Mediasiya Təşkilatının və Salyan rayon Vəkil Bürosunun müdiri, vəkil mediator Elman Hənifəliyə verilib. O, auditoriyaya müraciət edərək bildirib ki, erkən nikah – bu sadəcə qanun pozuntusu deyil, bir insanın həyatını, xəyallarını yarıda qoymaqdır: “Gənc qızın qəlbində oxumaq, öyrənmək, öz gələcəyini qurmaq arzusu var. Bu arzuları əlindən almağa heç kimin haqqı yoxdur. Ekspert təəssüflə bildirdi ki, statistik göstəricilərdə erkən nikahlarda müəyyən azalma müşahidə edilsə də, problem hələ də ciddiliyini saxlayır. Bu məsələ yalnız dövlətin işi deyil, hər bir valideynin, müəllimin, hətta qonşunun belə məsuliyyətidir. Bir qızın təhsilinə dəstək olmaq – gələcək bir nəsli xilas etmək deməkdir”.

Ardınca söz alan “Ümidli Gələcək” təşkilatının nəzdində fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nin rəhbəri Kəmalə Ashumova isə erkən nikahların qızların ruhunda açdığı yara izlərdən danışıb. O qeyd edib ki, erkən nikaha məcbur edilən qızların çoxu uşaqkən uşaq olmağı unudur. Onlar özlərini ailə yükünün, məsuliyyətin altında tapır, arzularını ürəyində basdırır. Bu, onların azad seçim haqqının əlindən alınmasıdır.

Tədbirin yekununda iştirakçılarla birlikdə “Uşaq Qaynar Xətti”nə zəng edilib və uşaqlar müraciət prosesini praktik olaraq müşahidə ediblər.

Mission News Theme by Compete Themes.