BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə ahıllar və uşaqların Bakı Zooloji Parkına ekskursiyası təşkil edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Agentliyin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin və Uşaq evi sosial xidmət müəssisələrinin sakinlərinin cəlb olunduğu ekskursiyanın məqsədi iştirakçılar arasında empatiya quraraq dəstək mühiti yaratmaq, nəsillər arası əlaqəni möhkəmləndirmək, cəmiyyətə inteqrasiyasına dəstək olmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdir. Ahıl şəxslərin və uşaqların psixososial inkişafını dəstəkləyən gəzinti zamanı 30 nəfərdən ibarət qrup Zooloji Parkda məskunlaşan fərqli cins, rəng, xüsusiyyət və şəkillərə malik olan heyvanları izləmək, onlar haqqında dolğun məlumat almaq imkanı qazanıblar”.
Agentliyin mütəxəssislərinin müşayiəti ilə təşkil edilən səfər həmçinin uşaqlarda münasibət qurmaq, analiz etmə, problem həll etmə kimi psixoloji və emosional bacarıqların inkişafına hesablanıb.





