Press "Enter" to skip to content

Qubada pensiyaçılar üçün tibbi müayinə

Tibbi müayinə zamanı

BAYRAQDAR MEDİA – Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Kapital Bankın dəstəyi ilə Quba rayonunda “Yaşa dolduqca, yaşa!” adlı layihə həyata keçirilib.

Bu barədə DSMF-dən məlumat verilib.

Məlumata görə, Quba Rayon Mərkəzi Xəstəxanasında reallaşdırılan layihə çərçivəsində yaşı 65-dən yuxarı olan 500-dən çox pensiyaçıya terapevtik, kardioloji, endokrinoloji, uroloji, nevroloji, oftalmoloji, qastroenteroloji və otorinolarinqoloji, habelə laborator, ultrasəs müayinəsi aparılmaqla tibbi xidmətlər göstərilib: “Ümumilikdə 4 gün davam edən layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrinin 16 həkim-mütəxəssisi tərəfindən ən müasir tibbi avadanlıqlar vasitəsilə pensiyaçıların müayinəsi aparılıb. Eləcə də pensiyaçılara xəstəliklərlə mübarizə metodları, vaxtında və düzgün diaqnoz qoyulmasının, sağlam həyat tərzinin əhəmiyyəti ilə bağlı məlumat və tövsiyələr verilib. Məqsəd pensiyaçıların sağlam yaşlanmasını təmin etmək, yarana biləcək xəstəliklərin qarşısını vaxtında almaq və profilaktik tədbirlər görmək olub”.

Layihə çərçivəsində Quba rayonunda yaşayan pensiyaçıların iştirakı ilə ictimai dinləmə də keçiriləcək. İctimai dinləmə zamanı DSMF-nin əməkdaşları Fondun fəaliyyət istiqamətləri və vətəndaşların sosial təminat hüquqları, TƏBİB-in əməkdaşları (həkimlər) sağlam həyat tərzinin təşviqinə dair, Kapital Bankın nümayəndələri isə tərəfdaş kimi bank məhsulları və kiberdələduzluqla mübarizə sahəsində məlumat verəcəklər, iştirakçıların sualları cavablandırılacaq.

Mission News Theme by Compete Themes.