BAYRAQDAR MEDİA – Oktyabrın 3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Astaranın Sım kəndinə mediatur təşkil edilib. Mediatur çərçivəsində Sım kəndinin turizm potensialı, ekoturizm və aqroturizmi imkanları nümayiş etdirilib, qonaqlama xidməti göstərən kənd evləri, yerli mətbəx tanıdılıb.
Xəbərdə deyilir ki, “regionlarda turizmin inkişafı, yeni destinasiyaların formalaşdırılması və turizm klasterlərinin yaradılması məqsədilə müxtəlif istiqamətdə tədbirlər görülür. Bu istiqamətdə Agentlik tərəfindən turizm potensialı yüksək olan kəndlər və onların ətrafında turizmyönümlü fəaliyyətlər dəstəklənməkdədir”.

Bildirilib ki, “Prezidentin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən Dövlət Turizm Agentliyi tərəfindən seçilmiş kəndlərdə “Turistik kənd” konsepsiyasına uyğun turizm infrastrukturunun yaradılması layihəsi icra olunmaqdadır. Layihənin məqsədi turistlər üçün cəlbedici ola biləcək kəndlərin vizual görünüşünün yaxşılaşdırılması və kəndin abadlaşdırılması vasitəsilə turizm və onun ətrafında məşğulluq imkanlarının genişləndirilməsidir. “Turistik kənd” layihəsi Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani, eləcə də Astaranın Sım kəndini əhatə edir”.
Qeyd edək ki, infotur barədə geniş reportajı növbəti sayılarımızda oxuya bilərsiniz.





