BAYRAQDAR MEDİA – Eskişehirin ən mühüm tikililərindən olan Kurşunlu Külliyyəsi bu gün 500 illiyini qeyd edir.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “Odunpazarının simvollarından sayılan Kurşunlu Məscidi və Külliyyəsi XVI əsr Osmanlı memarlığının ən dəyərli əsərlərindən biri kimi 500 illik yubileyini qarşılayır. Tarixi Odunpazarı evlərinin yanında yerləşən külliyə keçmişlə bu günü birləşdirərək ziyarətçilərinə sanki zaman səyahəti yaşadır”.
Məlumata görə, Kurşunlu Külliyyəsi Osmanlı vəzirlərindən Çoban Mustafa Paşa tərəfindən 1517-ci ildə inşa etdirilib: “Topqapı Sarayı Muzeyinin arxivindəki vəqf qeydlərinə əsasən külliyyənin bütün binaları 1517–1525-ci illər arasında tamamlanıb. Külliyənin memarının isə Acem Əli olduğu ehtimal olunur. Külliyyə məscid, şadırvan, zaviye, təlimxana, harem, imarət, mövləvi şeyxlərinə aid türbə və iki karvansaradan ibarətdir. Məscidin günbəzi qurğuşunla örtüldüyü üçün ona “Kurşunlu Məscidi” adı verilib. Kvadrat planlı və beş bölümlü məscid külliyyə daxilində kitabəsi olan yeganə tikilidir”.
Məlumatda o da qeyd edilib ki, hazırda külliyyədə yerləşən karvansara “İsti Şüşə Üfürmə Emalatxanası” və “Şüşə Sənətləri Mərkəzi” kimi fəaliyyət göstərir və beynəlxalq Odunpazarı Şüşə Festivalı da daxil olmaqla müxtəlif tədbirlərə ev sahibliyi edir: “Külliyyənin məktəb bölümü 2010-cu ildən kitabxana kimi istifadə olunur, mədrəsə bölməsində isə dünyada ilk dəfə açılan Lületaşı Muzeyi yerləşir. Osmanlı dövründə tələbələrin qalması üçün nəzərdə tutulan otaqlar bu gün emalatxana kimi istifadə olunur. Kurşunlu Külliyyəsi 500 ildir ki, tarixi doku qoruyaraq ziyarətçilərini qəbul edir”.





